Daha 25 ailə Laçının Zabux kəndinə KÖÇÜRÜLDÜ – FOTO 

Hazırda oxunan: Daha 25 ailə Laçının Zabux kəndinə KÖÇÜRÜLDÜ – FOTO 

164593

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçının rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.

Bizim.Media xəbər verir ki, paytaxtda və Abşeronda məskunlaşan 20 ailə (71 nəfər) noyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.

Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşan 5 ailə (23 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və onlar Horadiz şəhərində köç karvanına qoşulacaqlar.

Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Tərtər rayonundan 2 ailə (10 nəfər), Bərdə rayonundan 1 ailə (5 nəfər), Qax rayonundan 1 ailə ( 4 nəfər), Lənkərandan 1 ailə (4 nəfər).

Ümumilikdə bu dəfə kəndə 25 ailə - 94 nəfər köçürülür.

Köç karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin sayı ümumilikdə 46-ya (188 nəfər) çatıb.

Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.














Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin