Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 13 noyabr tarixində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar edib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbirlər görülüb.
Qeyd edək ki, bu cür məlumatları tez-tez eşidirik. Lakin nə qədər cəza tədbirləri görülsə də küçələrdə antisanitar vəziyyətdə fəaliyyət göstərən kəsim sexlərinin sayı azalmaq bilmir.
Bəs, nə etməli?
Suala Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA-nın atdığı addımlar zəruridir, amma kafi deyil:
MÖVZU İLƏ BAĞLI:
Heyvanların sayında KƏSKİN AZALMA – “Ətin qiyməti yenidən BAHALAŞACAQ”
“Qurum küçə ticarətinə qarşı mübarizə aparır. Lakin nəticə o qədər də effektiv deyil. Çünki bazar tələb-təkliflə işləyir. Görünən odur ki, küçədə satılan ətə maraq daha yüksəkdir. Bunun müqabilində marketlərdə satılan ətə maraq o qədər də böyük deyil.
Bu marağın azlığında günahkar AQTA-dır.
Çünki insanlar marketlərdə satılan ətin keyfiyyətinə şübhə edirlər. Keyfiyyətə nəzarəti də AQTA həyata keçirir. Deməli, qurumun marketlərə nəzarətinin lazımı səviyyədə olmaması səbəbi ilə ora keyfiyyətsiz ətlər daxil olur. Əhali də bundan qaçır.
Hər bir insan çalışır ki, aldığı ət daha təzə olsun və heyvanın kəsildiyini gözü ilə görsün. Bakıda isə barmaqla sayılacaq qədər kəsim sexi var. Kimsə 2 kiloqram ət üçün durub harasa gedə bilmir. Bu da haqlı narazılıq yaradır. AQTA-nın vəzifəsi təkcə nəzarət etmək yox, həm də keyfiyyətli məhsulun təklifini təşkil etməkdir. Yaxşı olar ki, paytaxtda nümunəvi kəsim sexlərinin sayı artırılsın. Bunun hesabına da həm rəqabət mühiti yaranar, həm də hər kəs istədiyi əti həvəslə ala bilər”.
Hər gün xəbərlər eşidirik ki, bölgələrdən at-eşşək əti kəsilib Bakıya gətirilir...
“Bütün belə halların qarşısını almaq polisin imkanı xaricindədir. Kimlərsə bu cür ətləri nəinki topdansatış, hətta pərakəndə ticarət mərkəzlərinə verir. AQTA-nın da o qədər işçisi yoxdur ki, hər marketin qarşısına bir nəzarətçi qoysun. Belə halda sağlam rəqabət mühiti yaradılmalıdır. Ət kəsim sexinin sayı artırılmalıdır. Yerli icra və bələdiyyə orqanları da bu işə öz dəstəklərini göstərməlidirlər”.
Sədr adı çəkilən qurumla bağlı iradlarını da bildirib:
“AQTA istehlakçılarla qətiyyən işləmir. İstehlakçı nə istəyir, necə istəyir? Bu məsələ AQTA-nı qətiyyən narahat etmir. Qurum yoxlama keçirtmək və kimlərisə cəzalandırmaqla işini bitmiş hesab edir. Əslində AQTA-nın bu cür iş prinsipi iri sahibkarların işinə yarayır. Hazırda iri marketlər şəbəkəsi istədiyi əti çox asanlıqla alıcıya sata bilir. Bunu bilən bəzi alıcılar çox zaman marketlərə yox, küçədə antisanitar vəziyyətdə kəsilən heyvanın ətini almağa üstünlük verir.
Bizim apardığımız müşahidələr göstərir ki, AQTA-nın icazə verdiyi kəsim sexləri heç də ideal vəziyyətdə deyil. Orda da istədiyin qədər nöqsana rast gəlmək olur.
AQTA cəza tədbirlərindən əl çəkib sahibkarlarla işləməlidir. Hökümət qarşısında məsələ qaldırılmalıdır ki, ət kəsim sexinin nümunəvi qaydada təşkili üçün yerlərin sayı artırılsın və sahibkarlara maliyyə dəstəyi verilsin. Əks təqdirdə AQTA-nın bu cür cəza tədbirləri ancaq işbazların və marketlərin işinə yarayacaq”.
Yazıda adı çəkilən qurumun da mövqeyini dərc etməyə hazırıq.
Surxay Atakişiyev, Bizim.Media