Azərbaycanda DƏLƏDUZLUQ: 10 şirkət yaradıb vergidən yayındı, həbs olundu

Hazırda oxunan: Azərbaycanda DƏLƏDUZLUQ: 10 şirkət yaradıb vergidən yayındı, həbs olundu

164301

Azərbayanda 10 şirkət yaradıb külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınan şəxs - Qasımov Natiq Şərəddin oğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, vətəndaş eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib.

Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Biznes-Qrup" MMC və "Toodor-2017" MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Texniki Kompleks 2016" MMC və "Alyans Təminat" MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Life LT" MMC və "Lezko-BB" MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Bizness-Elit" MMC, "İSB Country" MMC və "MTS-2015" MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Kristal LTD" MMC-nin faktiki rəhbəri olub. 

N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin əvvəllər də eyni əməli törətdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək həbs olunduğundan və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməyib. 

Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Baş Prokurorluğa təqdim olunub, oradan isə baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin 5 avqust 2023-cü il tarixli hökmü ilə N.Qasımov Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökmü də nəzərə alınmaqla, ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin