“Mən də öz növbəmdə şəxsi həyata müdaxiləni ən böyük əxlaqsızlıq hesab edirəm. Diqqət etdizsə, bu hadisəyə cəmiyyətimizin reaksiyası çox sərt oldu. Azərbaycanda hər zaman normal düşüncəli vətəndaşlar belə videolar çəkib yayanları qınayıblar.
Bu bir daha Azərbaycan vətəndaşlarının sivil dəyərlərə, hüququn aliliyinə, tərəqqipərvər cəmiyyətdə yaşamağa can atdığını göstərir. Şəxsi həyata kamera quraşdırmaq olmaz”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında siyasi aktivist Ramin Hacılı Milli Şuranın sədri Cəmil Həsənlinin qızının yayılan intim görüntüləri məsələsinə fikir bildirərkən deyib. O, şəxsi həyatın toxunulmaz olduğunu vurğulayaraq, bu cür oyunların birbaşa ssenarisinin dövlətin daxili və xarici düşmənlərinin yazdığını qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Cəmil Həsənli kartı ilə oynamaq daha çox kimə lazımdır? – Olayın pərdəarxası
“Məsələnin elmi siyasi analizinə gəlincə deməliyəm ki, ittihamlar irəli sürməzdən əvvəl bir çox suala cavab tapmaq lazımdır. Birincisi, bu məsələdən kim faydalandı, kim zərər gördü? Bu gün Qarabağ savaşının zəfəri və müharibə dövründə yaranmış dövlət-vətəndaş həmrəyliyi yalnız Azərbaycanın düşmənlərini narahat edir.
Dövlət təbii ki, bu və buna bənzər hadisələrdən nüfuz itirir. Bunu kim istəyər? Dövlət özümü? Zənn etmirəm. Bunu düşmənlər istəyər. Bu cür oyunun təşkilatçısı adətən hakimiyyət olmur. Sadəcə hakimiyyətə inamsızlıq səbəbindən ilk olaraq o günahlandırılır.
Əslində indi də xalqın böyük əksəriyyəti bilir ki, hakimiyyətə hazırda belə ziyanlı addımlar lazım deyil. Məhz bu səbəbdən də çoxu hökuməti günahlandırmır. Hökumət yalnız cəzasızlıq mühiti yarananda günahlandırılır”.
R.Hacılı bu cür hərəkətlərə görə günahkarın tapılıb cəzalandırılmasının vacib olduğunu deyib. Onu sözlərinə görə, insanlar ortada ciddi araşdırma və cəza görsələr sakitləşərlər.
“Hər an revanşist siyasət yürüdən Ermənistan və müttəfiqləri sayəsində yenidən savaş başlaya bilər. Azərbaycanda 44 günlük savaş zamanı olduğu kimi muxalifətin hakimiyyətə dəstəyi vacibdir, bu olmasın deyə daha ağır gərginliklər yaratmaq planı kimi görünən aktlar baş verir və bəlkə də yenə baş verəcək.
Bu işdə Azərbaycan xüsusi xidmət orqanlarının əlinin olması ağılabatan deyil. Fəsadları əvvəlcədən bilinən bu əxlaqsızlığı etmək oturduğu budağı kəsmək olar. Yəni birbaşa ölkə rəhbərliyinə pislik etmək kimi.
Bunu yaxşı anlayanlar dövləti ittiham etmirlər, cinayətkarların cəzalanmasını tələb edirlər. Xalqın reaksiyasından bu qənatə gəlmək olar. Qarabağ savaşında cəsarətli və ədalətli olduğunu göstərən Azərbaycan xalqı bu məsələdə də dövləti ittiham etmir, hər şeyi yaxşı görür və təxribatdan yayınır”.
Sonda siyasətçi fikirlərini bu sözlərlə tamamlayıb:
“Məndə olan məlumata görə bu istiqamətdə dövlət qurumları arasında koordinasiyalı iş gedir və kim edibsə, hətta dövlət daxilində olan şəxslər olsa belə, cəzasını alacaq. Bunu aidiyyatı şəxslərin açıqlamalarından və narahatlıqlarından da sezmək olur.
İnanaq ki, bu sabotajı, provokasiyanı, hüquq pozuntusunu edənlər ən qısa zamanda bəlli olacaq və ölkəmizdə bu kimi hallara qanun çərçivəsində cavab veriləcək”.
Vüsalə Blayeva, Bizim.Media