Bakı-Quba yolunun Siyəzənin Zarat kəndindən keçən hissəsində-Beşbarmaq pirinin yaxınlığında inək avtomaşınla vurularaq yolun kənarına atılıb.
Hadisəni Bizim.Media-nın əməkdaşı müşahidə edib və fotolarını lentə alıb.
Siyəzən İcra Hakimiyyətinin Zarat ərazi nümayəndəliyi üzrə nümayəndəsi Vaqif Şahbazov saytımıza açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutandan sonra isə məsələnin Siyəzən Yol İdarəsi nin səlahiyyətində olduğunu bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Siyəzən 2 saylı Yol İstismarı MMC”dən Bizim.Media-ya bildirilib ki, hadisə barədə məlumatlıdırlar.
Sadəcə olaraq inək sahibinin tapılması üçün heyvanın cəsədini yoldan götürə bilməyiblər. Amma az bir vaxtda cəsədi yoldan götürəcəklərinə də söz veriblər.
Qurumdan o da qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəasına görə magistral yola heyvan buraxan mal sahibləri buna görə məsuliyyət daşıyırlar:
“Çünki onlar heyvanını itirməklə yanaşı, həm də avtomobilə dəyən zərəri də aradan qaldırmalıdırlar. Üstəlik cərimə də olunurlar. Bu səbəbdən heyvanın qiyməti 5000 olsa belə, sahibi səsini çıxarmır ki, cərimə olunmasın və zərərçəkənin avtomobilini təmir etdirməsin. Yəqin ki, faktı Dövlət Yol Polisi İdarəsi araşdıracaq. Biz də belə mal sahiblərinin cəzalanmasını istəyirik ki, yollarda belə problem yaşanmasın”, - deyə qurumdan bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media