Taksi özbaşınalıqlarına SON – “Qanunu pozmağa davam etsələr, həbs olunacaqlar”

Hazırda oxunan: Taksi özbaşınalıqlarına SON – “Qanunu pozmağa davam etsələr, həbs olunacaqlar”

163656

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər.

Bildirilib ki, Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təklifləri 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq icazə veriləcək.

Nə dəyişəcək?

Məsələ ilə bağlı mövqeyini Bizim.Media-ya açıqlayan nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, taksi fəaliyyəti ictimai nəqliyyatın bir növü olduğu üçün sürücülərin nizam-intizamlı olması və xüsusi təlimlərdən keçməsi vacibdir.

Onun sözlərinə görə, bir neçə ildir ki, baş verən çoxsaylı özbaşınalıqlar və qəza hadisələri olmasaydı, təlimlərə ehtiyac olmazdı:

“Ancaq baş verənlər bu halı daha da zəruriləşdirdi. Təlimlərdə sürücülərin idaretmə qabiliyyətləri bacarıqları, bu sahəyə uyğun olub-olmaması, yol-hərəkət qaydalarını bilib-bilməmələri, müştərilərlə davranış qaydaları yoxlanılır. Təəssüf ki, sürücülərin çoxu taksidən əyləncə vasitəsi kimi istifadə edirlər. Bəziləri isə ya narkotik maddə, ya spirtli içkilər qəbul etdikdən sonra sükan arxasına əyləşirlər”.

Sürücülərə verilən buraxılış vərəqəsinin əsl mahiyyətini açıqlayan ekspertin sözlərinə görə, bu yolla onların fəaliyyəti nəzarət altına alınacaq:

“Yəni, onlar artıq istədikləri özbaşınalığı edə bilməyəcəklər, çünki həm özləri həm də istifadə etdikləri nəqliyyat vasitəsi qeydiyyatdan keçəcək. Əgər hansısa bir şikayət olarsa, yaxud şikayət olmasa belə, bir hadisə baş verərsə, AYNA bu barədə dərhal xəbər tutacaq və dərhal müvafiq tədbirlər görəcək”.

Müsahibimiz vurğulayıb ki, bu kart əslində sürücülər üçün bir təsir vasitəsidir:

“Yol-hərəkət qaydalarını pozan, sərnişinlərə qarşı kobud davranan, özünü normal insan kimi aparmayan şəxslərə buraxılış kartı verilməyəcək, verilsə belə, əlindən alınacaq və taksi fəaliyyətindən uzaqlaşdırılacaq”. Bəs kart verilmədən taksi fəaliyyətini davam etdirənlərin aqibəti necə olacaq?

Ekspertin sözlərinə görə, bu cür sürücülərə imkan verilməyəcək:

“Əgər yenə davam edərlərsə, əvvəlcə xəbərdarlıq ediləcək. Növbəti dəfə cərimə olunacaqlar. Əgər cəriməni ödəməsələr, həbs olunacaqlar. Bir sözlə, qeyri-qanuni taksi fəaliyyəti keçmişdə qalacaq. Kart ona görə lazımdır ki, qaydalara əməl etməyənlərə qarşı hansısa tədbir görülsün. Amma bu günə qədər bu təsiretmə mexanizmləri yox idi. Sadəcə, sözlə deyilirdi və əməldə heç nə etmək mümkün deyildi”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin