Tarixi günlər yaşayır, tarixi hadisələrə şahidlik edirik. Azərbaycan xalqı özünün Müzəffər Ali Baş Komandanı ilə birgə Xankəndidə “Zəfər Günü”nü qeyd edir. Halbuki, düz 35 il əvvəl erməni ultramillətçiləri Xankəndinin baş meydanında “miatsum” deyə bağırırdı. “Dənizdən-dənizə Böyük Ermənistan” “xəritəsi”ni tirajlayan balayanlar, aqenbekyanlar təkcə Azərbaycana yox, bütövlükdə sivilizasiyaya meydan oxuyurdular.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Xankəndidə hərbi paradda iştirak edib - FOTO
Çünki Qaregin Nijdenin xəstə ideyaları ilə beyinləri dumanlanmış erməni millətçiləri Orta Avropadan Orta Asiyaya qədər böyük bir əraziyə sahiblik iddiasına düşmüşdülər. Guya nə vaxtsa bu ərazidə “Böyük Ermənistan” dövləti olub.
Ermənilərin bu sərsəm çağırışları qlobal güclərin də işinə yarayırdı
Qərb SSRİ-nin dağılmasında əsas vasitə kimi milli-etnik münaqişələri görürdü. Ona görə də ermənilərin qonşu Azərbaycan, Gürcüstan və digər respublikalara torpaq iddiası SSRİ-ni sarsıdan səbəblərdən biri idi. Nəzərə alaq ki, Qərbin pulla satın aldığı Mixail Qorbaçov da Qərbin maraqlarına uyğun hərəkət edərək SSRİ ərazisində milli münaqişələrin qızışdırılmasına öz töhfəsini verdi. Beləcə, 35 il əvvəl başlanan çirkin kampaniya təkcə SSRİ-nin dağılması ilə yekunlaşmadı, həm də bir çox respublikaların köksündə yaralar açdı.
Azərbaycan, Gürcüstan, Moldava uzun illər bu cür etnik münaqişələrdən əziyyət çəkdi. Və təbii ki, Qərbin hazırladığı və Moskvanın həyata keçirdiyi çirkin plandan ən çox əziyyət çəkən Azərbaycan xalqı və Azərbaycan dövləti oldu. Hətta tarixin müəyyən məqamlarında Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsilə üz-üzə qaldı.
Ancaq Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan tamamilə məhv olmaqdan xilas edildi.
Lakin Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal edildi. Bir milyon insan dədə-baba ocağından qovuldu. Bundan əlavə Qərbi Azərbaycan torpaqlarından 250 mindən artıq soydaşımız Moskvanı təşkilatçılığı və Qərbin ssenarisi ilə deportasiya edildi.
Qərb SSRİ-nin dağılması ilə kifayətlənmədi
Dağılmış imperiyanın yerində formalaşan dövlətləri öz nəzarət zolağında saxlamaq üçün Qərb hərəkətə keçdi. Bunun üçün hər cür iqtisadi və siyasi rıçaqlardan istifadə edildi. Təbii ki, ilk illərdə Rusiyanın maraqları ilə Qərbin planları üst-üstə düşürdü. Ona görə də bir çox məqamlarda Rusiya ilə Qərb eyni mövqedən çıxış edirdilər.
Yada salaq ki, Ermənistan-Azərbaycan münaqişəsini “həll etmək” üçün 1997-ci ildə ABŞ, Rusiya və Aİ qurama bir təşkilat da təsis etdilər. ATƏT-in Minsk qrupu adlanan bu qurum münaqişənin həllinə yox, daha çox Azərbaycanı təzyiq altında saxlamağa xidmət edirdi. Çünki fəaliyyətdə olduğu 23 il müddətində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa açıq şəkildə Ermənistanın maraqlarından çıxış etdilər və münaqişəni sonsuza qədər uzatmağa çalışdılar.
Azərbaycan təkcə Ermənistanla yox, bütövlükdə qlobal güclərlə üz-üzə qaldığının fərqində idi
23 il ərzində Azərbaycan dövləti boş dayanmadı. Ötən hər ildə ölkənin iqtisadi və hərbi gücü bir qədər də artırıldı və torpaqlarımızın işğaldan azad olunması üçün tarixi məqamın gəlməsi naminə geriyasım başladı.
Belə bir məqamsa 2020-ci ilin payızında yarandı. Bu o zaman idi ki, dünyanın aparıcı dövlətləri “COVİD-19”un gətirdiyi iqtisadi bəlaların məngənəsində sıxılırdı. ABŞ-da kritik prezident seçkiləri keçirilirdi. Rusiya Azərbaycanı unudub Ukrayna ilə məsələni birdəfəlik həll etmək istəyirdi. Üstəlik, Ermənistanın yeni rəhbəri Nikol Paşinyan Rusiyaya dirsək göstərməyə başlamışdı.
Bu azmış kimi ermənilər Rusiya, ABŞ və Fransaya qarşı təxribatçı hərəkətlər edirdi. Belə ki, ermənilər Rusiyanın Krasnador, Armavir, Fransanın Marsel, ABŞ-ın Kaliforniya bölgələrində təxribatçı hərəkətlər edir, bu ərazilərdə özlərinin milli və dövlət atributlarını dirçəldirdilər.
Ermənilərin bu nankorluğu cavabsız qala bilməzdi
2020-ci ilin sonlarına yaxın Qərb və Rusiya bir növ əlini Ermənistanın üzərindən çəkdi. Bunu görən Paşinyan Azərbaycana qarşı müharibə ritorikalarını durmadan gücləndirdi. Sanki öz ayaqları üstündə dayandığını Qərbə və Rusiyaya sübut etmək istədi. Amma Paşinyan kiminlə üz-üzə qaldığını dərk etməkdən çox-çox uzaq idi.
Məhz belə tarixi bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev qəti qərar verdi. Ermənistanın təşkil etdiyi növbəti silahlı təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Təbii ki Qərbin və Rusiyanın dəstəyindən məhrum olan Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməzdi.
Və bilmədi də.
Cəmi 44 günə Azərbaycan nəinki, torpaqlarını işağaldan azad etdi, həm də Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Paşinyanın yalvarışlarından sonra Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-a keçən gecə üçtərəfli Bəyannamə imzalandı. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri ən qısa zamanda yerinə yetirəcəyinə söz verdi.
Lakin tipik erməni kimi Paşinyan öz imzasına hörmət etmədi və yenidən siyasi manipulyasiyaya başladı. 3 aya reallaşdırılması nəzərdə tutulan sərhədlərin delimitasiyasi və demarkasiyasını, silahlı dəstələrin Qarabağdan çıxarılmasını və digər məsələlərin həllini 3 il uzatdı. Lakin Azərbaycan Ermənistanın nazı ilə daha 30 il oynamaq fikrində deyildi.
Ona görə də sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirləri həyata keçirildi. 23 saat ərzində Azərbaycan Ermənistan və Rusiya sülhməramlılarının 3 ilə edə bilmədiklərini reallaşdırdı. Ermənistanın silahlı hərbi birləşmələri bircə gün ərzində Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan nəhayət ki, hər qarış torpağında suveren hüquqlarını bərpa etdi.
Bu ilki Zəfər Günü əvvəlki illərdəkindən tam fərqlənir
Ən başlıcası Azərbaycan bu günü 100 ildən artıq müddətdə şeytan yuvasına çevrilmiş Xankəndidə qürurla və iftixarla qeyd edir.
Bu Zəfər Günü təkcə Azərbaycanın bayramı deyil. Bu həmdə sivilizasiyanın, sülhsevər bəşəriyyətin bir uğur səlnaməsidir. Çünki alman faşizmindən sonra Avrasiyanın köksündə kök salmış erməni faşizmi bir dəfəlik məhv edildi.
Bununla da Ermənistanın təkcə Azərbaycana qarşı yox, ABŞ, Rusiya, Fransa, Türkiyə, Gürcüstan və digər dövlətlərə qarşı irəli sürdüyü torpaq iddiaları birdəfəlik olaraq tarixin arxivlərinə gömüldü.
Özünü “ari” adlandıran ermənilərin xəstə iddialarının yaratdığı pandemiyadan sivilizasiya birdəfəlik qurtuldu. Ona görə də bu dəfəki Zəfər Günü təkcə Azərbaycan xalqının deyil, bütövlükdə sivilizasiyanın Zəfər Günüdür.
Surxay Atakişiyev, Bizim.Media