Zabrat II qəbiristanlığında ölülərimizin suyun içində qalması ilə bağlı şikayəti gündəmə gətirmişdik.
Bizim.Media olaraq Zabrat bələdiyyəsi bir neçə dəfə əlaqə saxladıq.
Bələdiyyə sədri Nailə Nəsirova Bizim.Media-ya qəbirstanlığın suyun içində olmasının səbəblərini açıqladı:
MÖVZU İLƏ BAĞLI:
Zabrat qəbirstanlığı kanalizasiya sularının altında qalıb - FOTO/VİDEO
“Güclü yağış yağanda qəbirstanlığı su basır, indi hər tərəf qurudur. Hazırda ərazidə heç bir su yığıntısından söhbət gedə bilməz. Hazırda suyun içində olmaması ilə bağlı sizə ərazinin görüntülərini də çəkib ata bilərəm”
Nailə Nəsirovanın bu açıqlamsından sonra sözügedən qəbirstanlıqda məzarların suyun içində olmaması ilə bağlı faktın təsdiq olunmasını gözlədik. Lakin, gün ərzində redaksiyamıza bələdiyyə sədri tərəfindən heç bir məlumat daxil olmadı.
Növbəti iş günündə bələdiyyə sədri Nailə Nəsirova ilə yenidən əlaqə yaratdıq. O bildirdi ki, qəbirstanlıq ətrafına kanalizasiya xəttinin çəkilməsi ilə bağlı “Azərsu” ASC-nə müraciət edəcəklər.
“Azərsu” ASC-dən isə sorğumuza cavab olaraq bildirdilər ki, Bakıətrafı su basan ərazilər vaxtilə çökəklik və gölməçələr olub:
“Sonradan belə ərazilər qurudularaq yaşayış yerlərinə çevrilib. Yağıntılı hava şəraitində orada olan yaşayış evlərinin zirzəmiləri suyun içində olur. Bu ərazilər bizim xidmət göstərdiyimiz ərazilər deyil. “Azərsu”nun orada heç bir infrastrukturu yoxdur”.
Mövzu ilə bağlı Sabunçu rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.
Görünür, problem yenə də həll edilməmiş qalır. Əsas məsuliyyət isə yenə də bələdiyyənin boynuna düşür və bu qurum yaxasını kənara çəkir.
Ancaq qəbrdə uyuyanların yaxınlarının çoxsaylı şikayətlərindən sonra bəlkə də “Azərsu” qəbiristanlığın kənarında kanalizasiya xətti çəkər, ölülərin ruhu da şad olar...
Gülşanə Mustafayeva, Bizim.Media