Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyevin 5 saylı Şəhər klinik Xəstəxanasında sidik kisəsinin zədələndiyi bildirilir.
Bu iddia ilə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva çıxış edib. Onun sözlərinə görə sidik kisəsi kateterinin ölçüsü böyük olduğu üçün uşağın sidik kisəsi zədələnib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda “tok” vuran yeniyetmə ikinci dəfə ƏMƏLİYYAT OLUNDU
Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü Əliyev Zaur Aslan oğlu elektrik cərəyanı vurması nəticəsində aldığı yanıq xəsarətləri ilə 22.10.2023-cü il tarixində saat 13:55-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Xəstəxanada ona ilk yardım göstərilib və xəstənin Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə edilməsi qərara alınıb. Yanıq Mərkəzinə gətirilən pasiyentə zəruri tibbi yardım göstərilib. Daha sonra valideynlərinin iltizamnaməsi əsasında özəl tibb müəssisələrindən birinə təxliyə edilib.
Göründüyü kimi, TƏBİB konkret mətləbdən yayınaraq, sorğumuzla bağlı tutarlı cavab verməyib.
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Yeniyetmə bir həftədən çoxdur “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır və iki dəfə əməliyyat olub.
Həkimlərin bildirdiyinə görə yeniyetmə daha 2 dəfə də əməliyyat olunacaq. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.
Alçina Amilqızı, Bizim.Media