Polis əmrə tabe olmayan şəxsə atəş açdı - Yaralanan var

Hazırda oxunan: Polis əmrə tabe olmayan şəxsə atəş açdı - Yaralanan var

16256

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bizim.Media xəbərinə görə, məlumatda deyilir:

''2021-ci il mart ayının 29-da saat 23:40 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov idarə etdiyi “Saipa” markalı avtomobillə paytaxtın Yasamal rayonu ərazisində saxlanılarkən hakimiyyət nümayəndəsi olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərməklə idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşlarının xidməti istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərib.

Polis əməkdaşları tərəfindən qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Vüsal Səmədovun hakimiyyət nümayəndələrinə itaətsizlik göstərməsinə davam etməsi səbəbindən, polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açdıqdan sonra həmin avtomobilin təkərinə və arxa qapısına atəş açaraq avtomobilin dayandırılmasına nail olublar.

Sürücü Vüsal Səmədov və sərnişinlər - əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıblar.

Avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb.

Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ciddi ziyan dəyib, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin