Oqtay Gülalıyev danışmağa başladı – Həyat yoldaşından AÇIQLAMA - ÖZƏL

Hazırda oxunan: Oqtay Gülalıyev danışmağa başladı – Həyat yoldaşından AÇIQLAMA - ÖZƏL

16245

Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində bir il yarımdır koma vəziyyətində olan və 4 əməliyyat keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyev danışmağa başlayıb.

Bu barədə məlumatı Bizim.Media-ya hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib. 

Onun sözlərinə görə, Oqtay Gülalıyevin səhhətində xeyli irəliləmə olub:

“Sanki danışdıranda cavab verməyə, nəsə deməyə çalışır, əllərini qaldırır və ayaqlarını tərpədir. Dodaqları ilə nəsə deyir, amma səsi çıxmır. Həkimlər belə məsləhət gördülər ki, boğazındakı traxeya açıqdır, qapanmalıdır. Traxeya bağlansa, səsi çıxa bilər”.

Firuzə Gülalıyeva həyat yoldaşının Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun tibb bacılarının nəzarəti altında evdə müalicə olunduğunu əlavə edib.

Qeyd edək ki, bir il yarımdır  yataq xəstəsi olan Oqtay Gülalıyev ötən il noyabrın 7-də İstanbuldan Bakıya gətirilib və müalicəsi evində davam etdirlir.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-u axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub.

Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da Bakıda əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Daha sonra Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və "Avrasiya" xəstəxanasına yerləşdirilib.

Bir müddət orada müalicə alan hüquq müdafiəçisi sonra İstanbulda yerləşən “Amerikan Xəstəxanası”na köçürülüb. Oqtay Gülalıyev bir il yarımdır ki, komadadır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin