Anomal istilər noyabrın ilk günlərində də davam edəcək

Hazırda oxunan: Anomal istilər noyabrın ilk günlərində də davam edəcək

162161

“Oktyabrın anomal istiləri noyabrın ilk günlərində də davam edəcək”.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.

Bəzi Avropa ölkələrində oktyabr ayının sonu anomal isti keçib. Son günlər qeyri-adi isti Londonda, Macarıstanda qeydə alınıb ( +21°C). Adətən ilin bu dövründə hava kəskin soyuyur və yağış yağmağa başlayır.
Lakin, bu il İspaniyanın cənub sahillərində çimərlik mövsümü hələ də davam edir. Payızın isti keçməsindən əhali məmnun olsa da, alimlər o qədər də optimist deyillər və bunların hamısının iqlim dəyişmələrinin xəbərdarlıq əlamətləri olduğunu xatırladırlar.

Nazir müavini deyib ki, adətən payızın ortalarında atmosfer sirkulyasiyasında dəyişikliklər baş verir, soyuq arktik hava kütlələrinin ölkəyə axını sentyabr ayına nisbətən daha tez-tez müşahidə olunur.

Amma nəzərə alsaq ki, havanın istiliyi hətta Sibirdə gün ərzində müsbət 15 dərəcəyə çatıb, o zaman Azərbaycanda belə mülayim havaya təəccüblənməyə dəyməz.

“Paytaxtda 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb.

Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də, 2023-cü ilin oktyabrını əminliklə ən isti adlandırmaq olar”.

Nazir müavininin sözlərinə görə, anomal sinoptik şərait nəticəsində, yağıntıların mövsümi paylanması qanunauyğunluğu da pozulur.

“Məsələn, bu ay ərzində Abşerona cəmi 8 mm yağıntı düşüb ki, bu da hətta iyun ayı normasından da azdır. Adətən oktyabr ayında təxminən 28 mm yağıntı qeyd edilir. Yağıntının miqdarı dağətəyi ərazilərdə oktyabr ayında adətən 120 mm-ə yaxın olduğu halda, bu il 44 mm-ə qədər qeydə alınıb ki, bu da yay fəsli normasının hətta yarısından da azdır.

Artıq altıncı aydır ki, okeanlarda rekord yüksək temperatur qeydə alınıb. Beləliklə, noyabr-dekabr aylarında ciddi dəyişikliklər olmasa, o zaman dünya alimlərinin fikrincə, 2023-cü il ən isti il ola bilər.
Noyabrın ilk günlərinə gəlincə, temperaturda ciddi dəyişikliklər proqnozlaşdırılmır. Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərində də davam edəcək. Havanın temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin