Son günlər havaların qeyri-sabit keçməsi və temperaturun aşağı düşməsi əsasən dağlıq və dağətəyi yaşayış məntəqələrində yanacaqla bağlı əsas məsələni gündəmə gətirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əsasən mavi yanacaq olmayan yaşayış məntəqələrində sakinlərin sosial qayğıları ikiqat artıb. Belə yaşayış məntəqələrindən biri də Qaxın qədim Qum kəndidir. İndi bu kənddə səhər və axşam saatlarında mütləq odun peçləri yanmalıdır ki, evdə soyuqdan üşüməsinlər.
Dağların əhatəsində
Bu kənd dağlarla əhatələnib. Hər tərəfi indi yaşıllıq olsa da, bir azdan ağ örpəyə bürünəcək. Yanacaq baxımdan hər tərəfdən bolluq olsa da, kimsə bura əl uzada bilmir. Həmin an başının üstünü ekoloqlar kəsdirir və cərimə yazılır. Sakinlər isə həyət-bacadakı ağacların çoxunu kəsib qurtarıb. Qeyd edək ki, Qum kəndi Böyük Qafqazın ətəklərində yerləşdiyindən qış bu kəndə daha tez gəlir. Payızın ilk günləri olmasına baxmayaraq, havalar soyuyub və axşamlar, səhər vaxtları burada odun peçi yandırmaq lazımdır.
Sakinlər illərdir mavi yanacaqdan əziyyət çəkir və dəfələrlə müvafiq orqanlara müraciət etsələr də, onların bu müraciətləri hələlik baxılmamış qalır. Qum kənd sakini Rasim Mikayılovun əlində balta getdiyini görüncə məsələnin nə yerdə olduğunu anladıq. Tanışlıqdan sonra bəlli oldu ki, keçmiş fizika müəllimi həyətin kənarında ötən ildən qalan odunları kəsəcək. Axı axşam tərəfi peçi yandırmaq lazımdır ki, həm özü həm də nəvələri üşüməsin.
Kənd sakini deyir ki, neçə illərdi qaza həsrət qalıblar.
-“Bax, görürsünüz, odunumuz yoxdu, uşaqlar da soyuqda qalıblar. Heç bilmirik necə eləyək, necə yola salaq uşaqları bu soyuqda” deyən ağsaqqal ötən ildən qalma kötükdən hissə ayırmağa çalışır. Bir maşın odun 300-350 manata başa gəlir. Rasim müəllimlə söhbətimizin bu məqamında qonşusu Telman da bizə qoşulur.
Kənd sakini Telman Ramazanovu dinləyirik:
- “Bizim odun problemimiz var. qabaqdan da soyuq qış gəlir. Gedirik odun almağa meşəyə icazə vermirlər, cəriməsi var. İndi deyirlər Şəkidən sənəd almalıyıq, onu da ala bilsən 300-350 manata gəlib çıxır odun. Biz də hər ay bir maşın odun yandırırıq. Soyuq qış olanda daha çox yandırırıq. Bir sezon bizə 1200-1500 manata gəlib odun çıxır. Şabalıddan-qozdan qazandığımız pulu da verib odun alırıq”.
Əlbəttə ki, mavi yanacağın olmadığı kənddə ən çətin iş, əziyyət qadınların üzərinə düşür desək yanılmarıq. Kənddə qarşılaşdığımız qadınlardan kimi dindirdiksə ilk sözü bu oldu ”Bu ilin mart ayına söz vermişdilər ki, qaz xəttinin çəkilişinə başlanacaq. Artıq ilin sonudur. Heç bir iş görülməyib”- deyə təəssüf dolu baxışlarla qarşılaşırıq.
2024-cü ili gözləyək
Kənd icra və bələdiyyəsindən məsələ ilə bağlı heç bir münasibət öyrənə bilmədiyimizdən üz tuturuq “Azəriqaz”a. Qurumdan bildirildi ki, 2024-cü ilin kapital qoyuluşu planına Qum kəndi daxil edilib. Bir sözlə bu kəndin növbəti ildə qazlaşması ilə bağlı konkret addımlar atılacaq. Qurumdan o da bildirildi ki, Qax rayonunda qazlaşma səviyyəsi 73.7 faizin üzərindədir. Ümid yaxşı şeydir amma onu da bir səddi var. İnanaq ki, bu dəfə Qum kənd sakinləri mavi yanacağa qovuşacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 28.10.2023
Qaxın Qum kəndində yanacaq PROBLEMİ: Mavi qaz nə vaxt veriləcək? - FOTO
Hazırda oxunan: Qaxın Qum kəndində yanacaq PROBLEMİ: Mavi qaz nə vaxt veriləcək? - FOTO
Hazırda oxunan: Qaxın Qum kəndində yanacaq PROBLEMİ: Mavi qaz nə vaxt veriləcək? - FOTO
161873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.