Xəbər verdiyimiz kimi Millət vəkili Rauf Əliyev parlamentdəki çıxışında qeyd edib ki, Avropada qadınlar 5-ci gün evə daha tez gedir:
“Buna səbəb kimi qadınların övladları ilə daha çox vaxt keçirməsi, onların tərbiyəsi ilə məşğul olması göstərilir. Təklif edirəm ki, bizdə də şənbə-bazar qadınlar işləməsin”.
MÖVZU İLƏ BAĞLI:
Qadınlar şənbə və bazar günü işləməsin - Deputatdan TƏKLİF
Millət vəkilinin bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Çünki Rauf Əliyev çıxışında inkişaf etmiş Avropa ölkələrindən nümunə gətirib. Avropa ölkələri ilə Azərbaycanı iş şərtləri və maaşla bağlı müqayisə etmək doğru yanaşma kimi qəbul olunmur.
Qısası Azərbaycan inkişaf etmiş yox, inkişaf etməkdə olan bir ölkədir. Ona görə də Rauf Əliyevin təklifi indiki reallıqlar fonunda ancaq arzu ola bilər.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev hesab edir ki, daha universal, əhatəli, heç kəsi kənarda qoymayan (paytaxt, region, kənd) sosial təşəbbüs və təkliflər daha effektiv olardı:
“Bildiyimiz kimi ölkəmizdə xeyli sayda evdar qadınlar da var. Evdar qadınlar da əslində işləyir, uşaq böyüdür, ev təsərüfatında çalışırlar. Kənd yerlərində yaşayan evdar qadınlar əkin-biçin işlərində çalışırlar. Amma bu qəbildən olan qadınların gələcəkdə də pensiya hüququ yaranmır.
Çünki heç vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər kimi evdar qadınlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir. İlk növbədə, arzuolunandır ki, yaşa görə müavinətin mərhələli şəkildə artırılması həyata keçirilsin”.
Üzeyir Şəfiyev onu da qeyd edib ki, evdar qadınlara peşə hazırlıqları və bacarıqlarının təkmilləşdirilməsi, onların ev şəraitində məşğulluğunun təmin edilməsi daha yaxşı olar:
“Onların da bu tipli məşğulluqları əsasında əmək pensiyası hüququ yaransın. Yaxud bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da uşağa qayğıya görə əmək stajı hesablansın. Bununla da evdar qadınların pensiya kapitalının formalaşmasında müəyyən qədər maliyyə yükünü sosial rifaha dəstək kimi dövlət öz üzərinə götürmüş olur.
Bu gün Azərbaycanda qadınların məşğulluğu, onların sosial müdafiəsi ilə bağlı bir sıra işlər görülür. Xüsusilə də, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, hamilə və himayəsində 3 yaşın çatmamış uşağı olan qadınlara əmək fəaliyyətində əsaslı güzəştlər tətbiq olunur”.
Surxay Atakişiyev, Bizim.Media