Əhalinin neçə faizi Zəngəzur dəhlizinin açılmasını milli məsələ hesab edir? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi Zəngəzur dəhlizinin açılmasını milli məsələ hesab edir? – SORĞU

161608

Əhalinin 62,2%-i hesab edir ki, Zəngəzur dəhlizinin açılması suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından sonrakı mərhələdə Azərbaycan üçün əsas hədəfdir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın zəfər dövründə əsas hədəfləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə növbəti sorğuları keçirib.

Sorğular çərçivəsində respondentlərə “Sizcə, Azərbaycanın qarşıdakı əsas hədəfləri hansılar olmalıdır?” sualı ünvanlanıb və ən vacib üç hədəfi qeyd etmələri istənilib.

Bu istiqamətdə ictimai rəy cari ilin sentyabr ayı ərzində keçirilmiş sorğularda da öyrənilib və hazırkı nəticələr son bir ay ərzində baş verən tarixi əhəmiyyətli hadisələrdən sonra dövri dinamikanı müəyyən etməyə imkan verib.

Sorğunun nəticələrinə görə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması və hərbi-siyasi uğurları fonunda ictimai rəydə milli maraqlar üzrə əsas hədəf Zəngəzur dəhlizinin açılmasıdır. Belə ki, sorğuda iştirak edənlərin 62,2%-i bu mövqedən çıxış edib. Ötən sorğu üzrə də Zəngəzur dəhlizinin açılması barədə göstərici təqribən eyni olmaqla (63,3%) prioritet təşkil edib.

Sorğuda iştirak edənlərin 58,3%-i postmünaqişə dövründə əsas hədəfin qələbəni möhkəmləndirmək məqsədilə siyasi-diplomatik mübarizənin aparılması olduğunu bildirib. Bu mövqe gənc nəsillə müqayisədə orta və yaşlı nəslin rəylərində daha çox üstünlük təşkil edib.
Nəticələrin ardıcıllığı üzrə, ictimai rəydə növbəti sırada Qarabağa qayıdışın sürətləndirilməsi hədəfi dayanıb. Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağının ucaldılmasından sonra bu istiqamətdə ictimai rəy əhəmiyyətli ölçüdə artıb. Ötən sorğuda bu mövqe respondentlərin 36,4%-i tərəfindən, hazırkı sorğuda isə 47,9%-i tərəfindən ifadə olunub.

Respondentlərin 41,7%-i Ermənistanla sərhədlərin müəyyən olunmasını, 39,8%-i sülh müqaviləsinin imzalanmasını Azərbaycanın qarşıdakı əsas hədəfləri kimi qiymətləndirib. Ötən sorğu ilə müqayisədə bu barədə ictimai rəydə müsbət dinamika qeydə alınıb.

Sorğuda iştirak edən hər üç nəfərdən biri (33,6%) qarşıdakı əsas hədəf kimi, Qərbi Azərbaycana qayıdış reallaşmasını vacib hesab edib. Bu fikir gənc nəsillə müqayisədə orta və yaşlı nəsil tərəfindən daha çox ifadə olunub.

Respondentlərin 19,6%-i Qarabağdakı erməni sakinlərin reinteqrasiyasını əsas hədəf kimi qiymətləndirib. Bu mövqe orta təhsillilərin 17,0%-i, ali təhsillilərin 26,8%-i tərəfindən ifadə edilib. Qeyd edək ki, reinteqrasiya ilə bağlı rəylər ötən sorğularda 15,7%-ə bərabər olub.

İctimai rəydə milli maraqlar çərçivəsində əsas hədəflərin müəyyən olunması ilə yanaşı, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra, Prezidentin növbəti hədəflərə nail olacağına ictimai inam öyrənilib. “Prezidentin bəyan etdiyi növbəti hədəflərə nail olacağına inanırsınızmı?” sualına cavab olaraq, sorğu iştirakçılarının 84,6%-i tam inandığını, 14,6%-i əsasən inandığını bildirib. Respondentlərin cəmi 0,3%-i inanmadığını ifadə edib, 0,5%-i rəyini bildirməkdə çətinlik çəkib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin