Bakı "ÇÖKÜR" – Paytaxtın əhali sıxlığı PROBLEMİ 

Hazırda oxunan: Bakı "ÇÖKÜR" – Paytaxtın əhali sıxlığı PROBLEMİ 

161490

Bu gün Bakı şəhərinin üzləşdiyi əsas problemlərdən biri demoqrafik yüklənmə ilə bağlıdır. Belə ki, ildən-ilə paytaxt əhalisinin sayı artır. Bir çox mütəxəssislər isə bu gedişlə Bakının geoloji olaraq çökəcəyini qeyd edirlər. 

Onlar bu fikirlərini belə əsaslandırırlar ki, Bakı Abşeron yarımadasında yerləşir və insan sayının getdikcə artması, tikintinin də çoxalmasına səbəb olur. Yerin üst qatındakı yüklənməsinin artması isə torpaq sürüşmələri və çökmələrin baş verməsi ilə nəticələnə bilər.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, hazırda Bakının əhalisi 2 milyon 340 min 600 nəfərdir. Əslində isə qeydiyyatsız yaşayanlarla birgə bu sayın 4 milyona yaxın olduğu təxmin edilir.

Bakını nə gözləyir?

Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirib ki, Abşeron yarımadasının, Bakının demoqrafik yükü artmaqdadır: 

“Bu, olduqca ağır mövzudur. Demoqrafik yüklənmə həm də binaların çoxalması, yolların çəkilməsi, sənaye obyektlərinin artmasına səbəb olur. Yəni insan sayının çoxalması ilə texnogen təsirlər də artır. Şəhərdə demoqrafik yüklənmə nizamsız inkişaf edir. 

Bu istiqamətdə qəbul olunan normativ-hüquqi aktlara baxmayaraq, iş adamları öz bildikləri kimi hərəkət edirlər. Tikinti şirkətləri ərazinin yaşamağa yararlı olub-olmamasını ölçmədən hər yerdə binalar tikirlər. Ona görə də paytaxtın təbii ab-havasında ciddi pozulmalar müşahidə edilir. 
Bu isə təbii fəlakətlərə - torpaq sürüşmələrinə, uçqunlara gətirib çıxarır. Aidiyyəti qurumlar bu məsələdə ciddi məsuliyyət daşıyırlar. Abşeron yarımadasından uzun illərdir ki, neft çıxarılır. Beləliklə də layarası təzyiqlər azalır. Bu da Bakıda müəyyən qədər texnogen çökmə əmələ gətirir. 

Lakin Bakının bütövlükdə iqtisadi, ekoloji çöküşə məruz qalması gözlənilmir. Yəni Bakı və Abşeron yarımadası kifayət qədər yükdaşıma qabiliyyətinə malikdir, amma burda şəhərsalma planları düzgün aparılmır. Şəhər özündə yaşayan əhalini həm dolandırmalı, həm də ekoloji cəhətdən təmiz havayla təmin etməlidir. 

Azərbaycanın elə bir iqlim şəraiti var ki, dünyada ələdüşməz bir hal kimi qəbul edilir. Xəzri və Gilavar küləyi hərəkət edib Bakını təmizləyir. Yəni Bakının hər cür imkanı var, lakin biz şəhəri idarə edə bilmirik”.   

Məsələ ilə bağlı Şəhərsalma və Arxitektura komitəsinə sorğu göndərilib. 

Mövzunu davam etdirəcəyik...

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin