Baş prokurorun Türkiyəyə işgüzar səfəri başa çatdı - FOTO 

Hazırda oxunan: Baş prokurorun Türkiyəyə işgüzar səfəri başa çatdı - FOTO 

161350

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya işgüzar səfəri başa çatıb. 

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərinə işgüzar səfərdə olub. 

Səfər zamanı nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq əziz xatirəsi ehtiramla yad olunub. 

Baş prokuror TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb. Yıldırım ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbriklərini çatdırıb, hər iki ölkənin liderlərinin rəhbərliyi altında ölkələrimiz və xalqlarımız arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib. 
Kamran Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib.

2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğu vurğulanıb. 

Baş prokuror Türkiyənin ədliyyə naziri, Hakimlər və Prokurorlar Şurasının sədri Yılmaz Tunçla görüşüb. Kamran Əliyev həmkarını bu ilin iyun ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar diləyib. Görüşdə hüquqi əməkdaşlıq, o cümlədən istintaq sorğularının icrası və cinayət törətmiş şəxslərin verilməsi məsələləri müzakirə edilib. 

Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib. 

Türkiyənin Baş prokuroru Bəkir Şahinlə keçirilmiş görüşdə ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Beynəlxalq platformalarda birgə fəaliyyətin önəmi qeyd edilərək, yaxın gələcəkdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Baş Prokurorlar Şurasının təsis edilməsi müzakirə edilib. 

Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə keçirilmiş görüşdə TDT Baş Prokurorları Şurası ilə yanaşı bir neçə gün öncə Şuşada Türk Dövlətləri Ali Məhkəmələri Konfransının təsis edilməsi yüksək qiymətləndirilib. 

Kamran Əliyev tədbirdə iştirak edən TDT-nin Baş Katibi Kubaniçbek Ömüralıyev, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının baş prokurorları ilə görüşlər keçirərək gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb. 
Sonda türk dövlətlərinin baş prokurorları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin