13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO 

Hazırda oxunan: 13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO 

161291

Xəbər verildiyi kimi, Sumqayıtda 13 yaşlı gənci elektrik cərəyanı vurub. Ciddi yanıq xəsarətləri alan yeniyetmənin vəziyyəti ağır olaraq qalır. 

Xəsarət alan 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlu öncə Sumqayıt Təcili Yardıma, oradan isə Bakıya - 5 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıb.

Heç birində müalicə olunması və həyatda qalma şansı verilməyib. Bir qolu (naqilə toxunan əli) çiynindən ambutasiya olunub. Bir neçə özəl xəstəxanaya müraciət olunub, yalnız Baku Medical Plaza qəbul edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda 13 yaşlı uşağı "tok" vurdu


Məlumatlara görə, Aslan Əliyevi cərəyan yaşadığı ünvanda vurub. Guya əlindəki armaturla elektrik naqilinə toxunub və təmas nəticəsində 13 yaşlı uşağı “tok” vurub. Digər məlumatlara görə isə elektrik naqili uşağın əli yetə biləcəyi hündürlükdə olduğu üçün bədbəxt hadisə yaşanıb. 

Sosial şəbəkələrdə bu məsələyə görə “Azərişıq” ASC-ni ittiham edənlər də az deyil. 

Bəs, olay necə yaşanıb? 

Yeniyetmənin bibisi Qərənfil Əliyeva Bizim.Media-ya hadisə ilə bağlı təfərrüatları danışıb.

O, deyib ki, başqa əraziyə düşən topu götürmək üçün hasara çıxan Aslanı elektrik cərəyanı boynundan vurub. Hadisəyə isə hasarla elektik naqili arasındakı məsafənin çox yaxın olması səbəb olub:

“Aslan qardaşım oğludur. Corat qəsəbəsində yerləşən evlərindən bir qədər kənarda uşaqlarla top oynayırmışlar... Top yol qırağından kənardakı hasarın o biri tərəfinə düşüb. Aslan topu götürmək üçün hasara çıxıb və o biri tərəfə keçmək istəyib. 

Əyilib naqilin altından keçmək istəyəndə elektrik cərəyanı vurub. Boynundan “tok” vurandan sonra uşaq əlini uzadıb və elektrik cərəyanı qolunu da tamamilə zədələyərək sıradan çıxarıb. Hasar 10 min voltluq alminiumdan ibarət hava xəttinə çox yaxın məsafədə olub. Hətta elə yaxın olub ki, uşaq heç ayaq üstə belə durmayıb”. 

Azyaşlının elektrik cərəyanına toxunmasında məsuliyyəti hansı qurum daşıyır? 

Qərənfil Əliyevanın sözlərinə görə sözügedən hasarın kim tərəfindən tikildiyi bəlli deyil:

“Yol qırağında olan bir hasardı və yaşayış yoxdu. Kim tikib, onu da bilmirik. Öyrənmək lazımdır ki, hasara alınan bu ərazi kimindir? Yüksək gərginlikdə keçən elektrik cərəyanı istənilən halda hündür məsafədən çəkilməli idi. Yaxud da hasar olmamalıydı. Bu məsələ bizə də qaranlıqdır. Bizə məlumat verildi ki, Baş prokurorluq tərəfindən məsələ araşdırırılacaq və ekspertiza təyin olunacaq” 

Bibinin sözlərinə görə “tok” uşağın boynundan vurduğu üçün digər orqanlarını da zədələyib:

“Boynundan başlayaraq dabanına qədər digər orqanlarını- ürəyi, böyrəyi də zədələyib. Üç gündür ki, canı ilə çırpınır. Artıq uşağın bir qolunu dibindən ambutasiya ediblər. Həkimlər ümidli danışmırlar. Gözləyirik. Hamımız pərişanıq”.  

Məsələ ilə bağlı aidiyyəti qurumlardan açıqlama verilməyib. 

Mövzunu diqqətdə saxlayacağıq.








Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin