Hansı deputatlar ictimai nəqliyyatdan İSTİFADƏ EDİR? – SORĞU

Hazırda oxunan: Hansı deputatlar ictimai nəqliyyatdan İSTİFADƏ EDİR? – SORĞU

161285

Azərbaycanda millət vəkillərinin ictimai nəqliyyatdan istifadə etməsinə çox nadir hallarda təsadüf edilir. Nəinki avtobus və ya metrodan istifadə etmək, aralarında ictimaiyyət arasında olmayanlar da var. Halbuki xarici ölkələrdə deputatların xalqın içərisində olması və ictimai nəqliyyatdan istifadəsi çox adi hal hesab olunur. 

Hazırda hansı deputatlarımız ictimai nəqliyyatdan istifadə edir?

Bizim.Media deputatlar arasında keçirilən sorğunun nəticələrini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan sevindirici XƏBƏR: “Maaşlar ARTIRILACAQ”


Aydın Mirzəzadə

Milli məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə ictimai nəqliyyatın bütün növlərindən istifadə etdiyini bildirib:

“Bütün növ ictimai nəqliyyatdan istifadə edirəm və insanlar arasında olmağı xoşlayıram”. 

Fazil Mustafa

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa ictimai nəqliyyatdan istifadə etmədiyini bildirib.

Aydın Hüseynov

Parlamentin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov tıxac olduğu zaman ictimai nəqliyyatdan yararlandığını dilə gətirib:

“Tədbirə gedən zaman tıxac olduqda metroya daha ço üstünlük verirəm. Bəzən avtobusla getdiyim günlər də olur. Düzdür, bu, həmişə olmur. Hesab edirəm ki, ictimai nəqliyyatdakı intensivlik təmin olunarsa, hər bir şəxs ictimai nəqliyyata üstünlük verə bilər. İctimai nəqliyyata üstünlük verilməsi məhz tıxacın qarşısının alınmasına da dəstək verə bilər”.

Hicran Hüseynova 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hər zaman ictimai nəqliyyatdan istifadə etdiyini qeyd edib:

“İctimai nəqliyyatdan istifadə etmək mənim üçün çətin deyil. İstər metro, istərsə də avtobusa minirəm. Hazırda parlamentdə komitə sədri olduğum üçün mənə xidməti avtomobil ayrılıb. Həmin xidməti avtomobildən, lazım olduqda isə ictimai nəqliyyatdan istifadə edirəm”. 

Etibar Əliyev 

Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Etibar Əliyev daha çox istirahət günlərində metrodan istifadə etdiyini deyib:

“Çox vaxt tıxac zamanı metroya daxil oluram”.

Arzu Nağıyev

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də əsasən metrodan istifadə etdiyini vurğulayıb. 

Razi Nurullayev 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev çox az hallarda metrodan və avtobusdan istifadə etdyini deyib:

“Ümumiyyətlə ictimai nəqliyyat vaxtı-vaxtında işləsə, gecikmələr olmasa ictimai nəqliyyatdan hamı istifadə edər. Mən bunun tərəfdarıyam ki, ictimai nəqliyyata keçək. Metrodan, ab-havasından və qoxusundan xoşum gəlir. Ömür boyu metrodan istifadə etmişəm. Ömrümün 30 ili avtobusda və metroda keçib. Yeni-yeni avtomobilə keçmişəm. 
İctimai nəqliyyatda insanlar çox çətin vəziyyətdə gedirlər. Ayğını tapdalayırlar, düymən qırılır, ya qışda içərisində donursan, yayda istidən yanırsan. Bir çoxunda isə pəncərəsi açılmır. Mən belə görmüşəm. Bütün bunlar, əlbəttə ki, insanların əsəblərinə toxunur. Amma başqa ölkələrdə ictimai nəqliyyat rahat və təhlükəsizdir. 

Məsələn mən, başqa ölkələrdə taksidən çox az hallarda istifadə edirəm. Biletimi və ya kartımı alıb tramvayında, metrosunda və ya avtobusunda çox rahat şəkildə istədiyim yerə gedirəm. Çünki o ölkələrdə də tıxac var”.

Deputat əlavə edib ki, Azərbaycanda ictimai nəqliyyatdan kütləvi istifadə üçün gecikmələr və problemlər olmamalıdır:

“Məsələn, mən velosiped həvəskarıyam. Əgər Bakıda velosiped yolu olsa, bizim evdən parlamentə rahat şəkildə gedə bilərəm. Saxlayaram və parlamentə girərəm. Başqa yerlərə də velosipedlə gedərəm. Həm sağlamlıq, həm də ucuzdur. İstərdim ki, şəhərdə velosiped zolaqları artırılsın və mən hər yerə velosipedlə gedim”, - deyə Razi Nurullayev qeyd edib. 

Sabir Rüstəmxanlı

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlı şəhərdaxili avtobuslardan başqa digər ictimai nəqliyyat növlərindən istifadə etdiyini bildirib.  

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin