Dini konfessiyalar 31 mart soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Hazırda oxunan: Dini konfessiyalar 31 mart soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

16116

Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

Bizim.Media-nın məlumatına görə,  müraciətdə bildirilib ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb:

"Təkcə Mart soyqırımı — 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində — Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib.

1918-ci il Mart hadisələrində təkcə 3 gün ərzində Bakı şəhərində 12 mindən çox azərbaycanlı soyqırımına məruz qalıb, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilib;

Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib, Şamaxının mərkəzi Cümə məscidinə od vurulub, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diri yandırılıb; Lənkəran qəzasında 2 min insan qətl edilib;

1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistan ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin, yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı tarixi sənədlərdə öz əksini tapıb. Belə ki, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlı öldürülüb;

İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilib və əhalisi soyqırımına məruz qalıb;

Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilib; Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tiflisin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 minə yaxın azərbaycanlı məhv edilib;

Quba qəzasında, habelə Dərbənddə 16 mindən çox azərbaycanlı öldürülüb; 162 kənd dağıdılıb, 3 minə qədər yəhudi vəhşicəsinə qətlə yetirilib.

Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, Vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi-hüquqi qiymət verməyə, törədilmiş hadisələrin bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq.

Qoy Uca Yaradan hamımıza həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin