Ölkə əhalisinin 97,8%-i Azərbaycan Prezidentin Qarabağa son səfərlərini izləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir? – SORĞU
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri və burada dövlət bayrağını ucaltması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi müstəsna əhəmiyyətə malikdir.
Bu tarixi hadisənin dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsi ərazi bütövlüyü barədə verilən tarixi vədin, şərəfli missiyanın uğurla yerinə yetirilməsinin ifadəsidir.
Azərbaycan onun dövlətçiliyinə qarşı 200 illik işğal siyasətini sonlandıraraq, yeni siyasi təqvimlə, yeni dövlət və millət quruculuğu kursu ilə dünyada bənzərsiz fenomen yaradıb.
Qazanılan qələbə sülhün və təhlükəsizliyin regional və beynəlxalq müstəvidə inkişafına mühüm tarixi və siyasi töhfə verib.
Sosial Tədqiqatlar Mərkəzinin bu tarixi hadisə ilə bağlı ölkə miqyasında keçirdiyi rəy sorğusu Prezidentin səfərlərinin, dövlət bayrağını Xankəndi, Xocavənd, Xocalı, Ağdərədə ucaltmasının və Xankəndi şəhərinin əsas meydanından xalqa müraciətinin vətəndaşların mütləq əksəriyyəti tərəfindən izlənildiyini göstərib.
“Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarına səfərlərini izləmisinizmi?” sualına verilən cavablara əsasən, sorğuda iştirak edənlərin ümumilikdə 97,8%-nin Prezidentin səfərlərini izlədiyi məlum olub.
Onların 31,3%-i bu hadisələri tam izlədiyini, 66,5%-i müəyyən qədər izlədiyini ifadə edib. Respondentlərin cəmi 2,2%-i izləmədiyini qeyd edib.
Sorğuda ölkə rəhbərinin tarixi səfəri ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azəbaycan bayrağını ucaltmasına da ictimai münasibət öyrənilib. Nəticələr bu tarixi hadisənin ölkə əhalisi tərəfindən milli qürur hissi və qələbə ruhu ilə qarşılandığını göstərib.
Belə ki, “Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azəbaycan bayrağını ucaltması sizdə milli qürur hissi və qələbə ruhu yaratdımı?” sualına bütün respondentlərin cavabı birmənalı müsbət olub.
Surxay Atakişiyev, Bizim.Media