Oktyabrın 22-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Azərbaycanın xüsusi təyinatlılarının qaziləri, Vətən müharibəsinin iştirakçıları, Vətən uğrunda canlarından keçmiş şəhid ailələrinin nümayəndələri ilə 1990-cı illərdə Moldovanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmiş bu ölkənin veteranları arasında görüş keçirilib.
Ölkəmizin Moldovadakı səfirliyindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan səfirliyinin önündəki parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə və Qələbə barelyefinə gül dəstələri düzüblər.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasının üçüncü ildönümünə həsr olunan görüşdə Moldova Baş nazirinin veteranlar məsələləri üzrə müşaviri Konstantin Kovriq, Moldova müdafiə nazirinin veteranlar məsələləri üzrə müşaviri Anatoli Koçuq, “Veteranlar liqası” İctimai Təşkilatının sədr müavini Vladimir Mixay və Moldovanın Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.
Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığından söz açıb, ölkəmizin ərazi bütövlüyünün və azad edilmiş ərazilərdə konstitusiya quruluşunun bərpasından danışıb.
Diplomat Azərbaycanın Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, iki dövlət arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunub.
Moldova Baş nazirinin veteranlarla iş üzrə müşaviri Konstantin Kovriq çıxış edərək, gələcək əməkdaşlıq və təcrübə mübadiləsi üçün belə görüşlərin əhəmiyyətini qeyd edib.
Bizim.Media