Bu atalar məsəlini unutmayan zaqatalalı xanımlar nəinki ailələrinin qış ehtiyatlarını görür, həm də öz bizneslərini genişləndirirlər.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, adətən sentyabrın sonu və oktyabr mer-meyvənin, tərəvəzin bol olduğu bir ay kimi xarakterizə olunur.
Xüsusən rayon, kənd yerlərində qadınların bir qayğısı artır: müxtəlif meyvədən quru qaxaclar və mürəbbələr hazırlamaq eləcə də tərəvəz və digər giləmeyvələrdən tutmalar, turşular hazırlamaq. Zaqatalalı evdar xanımlar son illər bu işi həm də biznesə çevirib. Belə ki, həm qış ehtiyatlarını görür həm də əlavə ehtiyat görərək onu satışa çıxarır.
Dərsdən sonrakı evdarlıq
Fəxriyyə İsayeva və Mənsurə Hacıyeva təhsil sahəsində çalşsalar da payız gələndə bir araya gəlib qış ehtiyatlarını görürlər. Nəinki qış ehtiyaclarını ödəyəcək məmulatlar hazırlayırlar, həm də istehlak edəcəklərindən daha çox hazırlayıb bazarlara çıxartmağa, maddi durumlarını, ailə büdcələrini artırmağa səy göstərirlər
Adətən sentyabr-oktyabr istənilən meyvənin bol olduğu aylar kimi tanınır. Bu il Zaqatalada meyvə bol olduğundan, qiymətlər də münasibdir. Bu il payızın bir qədər mülayim keçməsi məhsulların daha keyfiyyətli qalmasına müsbət təsir göstərib. Bu baxımdan hər iki xanım qış ehtiyatlarını birlikdə həyata keçirirlər.
Fəxriyyə xanım meyvələrin qurudulması və mürəbbə bişirilməsi işini aparır. Bu proses nə qədər çətin və məsuliyyətli olsa da o, işinin öhdəsindən bacarıqla gəlir. Fəxriyyə xanımdan fərqli olaraq, Mənsurə xanım daha çox tutma və turşuların, salatların hazırlanması ilə məşğuldur. Bu işdə illərin təcrübəsini qazanıb və artıq xeyli müştəri də cəlb edə bilib.
Bu fəaliyyət ailə biznesinə təkandır
Artıq bir neçə ildir bu xanımlar həm də qadın qruplarında bir araya gəliblər. Bu qrupa isə Elmira Hacıyeva rəhbərlik edir. Məqsəd qadınların biznes imkanlarını artırmaq, ekoloji baxımdan təmiz və keyfiyyətli məhsulları sərgi və bazarlara çıxararaq onların satışını təşkil edib maddi durumlarını artırmaqdan ibarətdir.
Elmira Hacıyevanın sözlərinə görə, ötən il 20 növ meyvə qurusu və bir o qədər də mürəbbə, turşu-tutmalar və salatlar hazırlayıblar. Nəticə etibarilə ötən il onlar ailələrinin qış ehtiyaclarını artıqlaması ilə ödəməklə birlikdə, büdcələrinə orta hesabla 500- 800 manat qənaət ediblər.
Eyni zamanda yaz-yay və payızda hazırladıqları müxtəlif meyvə qaxacları, mürəbbələr, tutma və turşular eləcə də salatları sərgi və yarmarkalara çaxrdaraq satışını təşkil edib və ailə büdcələrinə əlavə gəlir gətiriblər. Bu il də bu xanımlar daha keyfiyyətli və ekoloji məhsullar hazırlayaraq bazarlara çıxarmağı planlaşdırır.
Qadın qruplarına maraq ildən-ilə çoxalır.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirir ki, indiyə qədər ölkə ərazisində 56 qadın inkişaf və müəssisə qrupu yaradılıb. Bunlardan 12-i hazırda qadın kooperativləri kimi fəaliyyət göstərir. Gülbəniz xanım qadın qruplarının yaradılmasındakı məqsədlərdən danışarkən qeyd edib ki, başlıca məramları qadınların bir araya gələrək daha böyük uğurlara imza atması, daha çox iş görməsi, pul qazanması və ailəsinə dəstək olmasıdır.
Kənd qadınlarının bir neçə qrup rəhbərləri ilə görüşən Assosiasiyanın sədri Gülbəniz Qənbərova onlarla il ərzində həyta keçirdikləri layihələri müzakirə edib, həmçinin fərqlənən xanımların əməyini qiymətləndirməyi unutmayıb.
Onlara xatirə hədiyyələri təqdim edilib.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi - bəndinə uyğun olaraq hazırlanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 21.10.2023
Kənd qayğılarını biznesə çevirən Zaqatala XANIMLARI – REPORTAJ/FOTO
Hazırda oxunan: Kənd qayğılarını biznesə çevirən Zaqatala XANIMLARI – REPORTAJ/FOTO
Hazırda oxunan: Kənd qayğılarını biznesə çevirən Zaqatala XANIMLARI – REPORTAJ/FOTO
160858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.