Sosial şəbəkələrdə maraqlı bir video paylaşılıb. Videoda Fəvvarələr meydanında iri planda “Mamedoff” arağı nümayiş etdirilir. Görüntüdən belə təəssürat yaranır ki, meydana nəhəng araq şüşəsi qoyulub. Halbuki, qanunla spirtli içkilərin reklamı qadağandır.
Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Dövlət Reklam Agentliyi ilə əlaqə saxladıq. Agentliyin sözçüsü Hüseyn Əzizov Bizim.Media-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılmış görüntü montajdır:
“Həmin videonu görən kimi Agentliyin əməkdaşları əraziyə baxış keçirib və heç bir fakt aşkarlanmayıb. Sonradan aparılan araşdırma nəticəsində aydın oldu ki, bu kimlər tərəfindənsə montaj edilmiş və paylaşılmış bir feyk videodur. Xatırladım ki, Reklam haqqında qanuna görə 5 faizdən artıq spirti olan içkilərin reklamı qadağandır. Biz də bu tələbin icrasına nəzarət edirik”.
Surxay Atakişiyev, Bizim.Media