Bakıda beşmərtəbəli binanın 6-cı mərtəbəsi TİKİLİR – Ev sahibi şəxsi LİFT də ÇƏKDİRİB – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda beşmərtəbəli binanın 6-cı mərtəbəsi TİKİLİR – Ev sahibi şəxsi LİFT də ÇƏKDİRİB – FOTO/VİDEO

160570

Bakıda yaşayış binasının damında özbaşına tikinti işləri aparılır. Söhbət Nəsimi rayonu Bülbül prospekti 63 ünvanındakı 39 nömrəli beşmərtəbəli binadan gedir. Binanın damında aparılan qanunsuz tikinti bir yana, üstəlik binanın yalnız bir blokuna hansısa sakin tərəfindən şəxsi lift də çəkilib.

Bizim.Media-nın əməkdaşı hadisə yerindən çəkiliş edib. Həqiqətən də məlum olub ki, tarixi memarlıq abidəsi olan binanın damına qanunsuz müdaxilə edilib.

Belə ki, 5-ci mərtəbədən dama ayrıca pilləkən, pəncərə və qapı açılıb. Sanki yaşayış üçün əlavə 6-cı mərtəbə tikilib. İçəridə isə əməlli-başlı tikinti aparılır. Qapı bağlı olduğundan içəriyə daxil ola bilmədik. Əlavə qaldırılan pilləkənin yanında taxta dayaqlar quraşdırılıb. Qapıdan içəriyə nəzər saldıq. Geniş döşəmədən ibarət damda isə əməlli-başlı iş gedir. Hər yeri tikinti materialları və toz-duman bürüyüb.

Lifti kim çəkdirib?

Binanın altında pinəçi kimi fəaliyyət göstərən və elə həmin ünvanda da yaşayan Vahid müəllim deyir ki, lifti bir vaxtlar bu binada və həmin blokda yaşayan Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev çəkdirib:

“Liftdən blokun bütün sakinləri istifadə edir. O vaxt dəmirdən quraşdırılmışdı. Sadəcə olaraq bir neçə gün bundan əvvəl üstü taxta ilə örtüldü və rəngləndi ki, görünüşü normal olsun. Bu lift qanuni fəaliyyət göstərir. Sakinlər lift və işıq pulu verirlər. Liftin kabinəsi də 10 il əvvəl yenilənib”. Xəqani adlı binanın digər sakini isə ev sahibini tanısa da, adını açıqlamaq istəmədi. Nə hikmətdirsə, damda aparılan tikinti işlərinin qanuni olduğunu sübut etməyə çalışdı.

Faktiki olaraq isə beşmərtəbəli binanın altıncı mərtəbəsi ucaldılıb və indi isə mənzilin qarşısındakı döşəmə bərpa və təmir edilir.

Məsələ ilə bağlı Dövlət Səhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Bizim.Media-ya açıqlamasında Bülbül prospekti 63 ünvanında yerləşən yaşayış binasının damındakı tikintinin özbaşına aparıldığını təsdiqləyib.

Qurum rəsmisinin sözlərinə görə Dövlət Səhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb və işlər dayandırılıb:

“Qeyd edilən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları – Fövqəladə Hallar Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Onu da öyrəndik ki, bu gün əraziyə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib.

Maraqlısı budur ki, Dövlət Səhərsalma və Arxitektura Komitəsi sözügedən ünvana yaxın ərazidə fəaliyyət göstərir. Amma nə sirrdirsə, qonşusundakı işlərdən xəbərsiz olub. Bizim.Media faktı ortaya çıxarandan sonra qurum hərəkətə keçib və qanunsuz işlərin qarşısı müvəqqəti də olsa  alınıb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qanunsuz tikintiyə göz yumması, İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətinin beşmərtəbəli binanın 6-cı mərtəbəsinə çıxarış verməsi isə bir başqa mövzudur. 

Hər halda aidiyyəti qurumların proseslə bağlı hansı addımlar atacağını isə zaman göstərəcək.

Mövzunu diqqətdə saxlayacağıq...



























Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin