Bu gün Ali təhsil müəssisələrinin əsas problemlərindən biri dərslik çatışmazlığıdır. Tələbələr müəllimlər tərəfindən hələ də ədəbiyyat siyahısına salınan kiril əlifbasıyla yazılmış dərsliklərdən narazılıq edir, onları çətinliklə oxuduqlarını bildirirlər.
Universitetlər niyə yeni dərsliklər hazırlamırlar?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycan təhsilinin qarşısında duran ən mühüm vəzifələrdən biri dərsliklər məsələsidir:
MÖVZU İLƏ BAĞLI:
Universitet bufetlərindəki qiymətlər tələbələrin büdcəsinə UYĞUNDUR? – ARAŞDIRMA
“Təəssüf ki, universitetlərimizin mütləq əksəriyyəti dərslik məsələsinə o qədər də önəm vermir. Bu gün dərslik məsələsinə görə bizim gənclərimiz, tələbələrimiz çox əziyyət çəkirlər və bu, problem olaraq qalır. Yanaşmalar müxtəlifdir. Hələ də əksər universitetlərdə ötən əsrin kiril əlifbası ilə yazılmış dərsliklərdən istifadə olunur və tələbələr üçün bu, ciddi problem yaradır.
Xaricdə vəziyyət fərqlidir, amma Azərbaycan reallığında dərsliklər çox önəmlidir. Mütləq yeni dərsliklər yazılmalıdır və hesab edirəm, bu problemin əsas səbəbi, universitetlərimizin bu məsələyə diqqətlə yanaşmamasıdır. Ali təhsil müəssisələri mütləq dərsliklər hazırlamalıdırlar və onların geniş istifadəsi üçün də müəyyən addımlar atılmalıdır.
Mən rektor işlədiyim vaxtlarda hər bir müəllim qarşısına vəzifə qoydum ki, mütləq öz dərsliklərini hazırlasınlar. Bütün universitet rəhbərləri bu tələbi öz müəllimlərinin, professorlarının qarşısına qoymalıdırlar”.
“Kiril əlifbalı mətnləri oxumaq tələbələrə problem yaratmır”
Bakı Dövlət Universitetinin kafedra müdiri Üzeyir Şəfiyev bildirib ki, bu istiqamətdə işlər aparılır:
“Əslində olduqca maraqlı məsələ qaldırmısınız. Bütün ixtisaslar üzrə dərslik və dərs vəsaitləri hazırlanır. Təbii ki, bu statik deyil, dinamik səciyyə daşıyır. Yəni bu iş dayanmır, davamlı şəkildə aparılmalıdır.
O ki qaldı kiril əlifbası ilə yazılmış kitablara, tələbələrin onları oxuyarkən çətinlik çəkdiyini düşünmürəm. Hesab edirəm ki, bütün məktəblərdə rus dili tədris olunur. Bu baxımdan kiril əlifbası ilə yazılmış ədəbiyyatlardan yeni nəslin də istifadə imkanları var, yəni onlar da oxuya bilirlər.
Lakin yeni dərsliklərin hazırlanması ilə bağlı ölkə başçısı tərəfindən qərar verilib. Artıq həm bədii ədəbiyyat, həm digər dərslik və dərs vəsaitləri latın qrafikası ilə nəşr olunur və oxucuların istifadəsinə verilir.
Bu baxımdan hesab edirəm ki, ədəbiyyatın qıtlığı ilə bağlı problem olmamalıdır.
Sadəcə olaraq, biz çalışmalıyıq ki, daha keyfiyyətli dərsliklər, dərs vəsaitləri hazırlayaq. Dərsliklərdə daha çox tarixi həqiqətlər öz əksini tapmalıdır. Xüsusilə, Azərbaycanın şanlı zəfəri dərs vəsaitlərində öz əksini tapmalıdır”.
Nuranə Daxilqızı, Bizim.Media