44 günlük Vətən müharibəsində torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş övladlar bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişdi. Belə gənclərdən biri də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan Balakənin Şərif kəndində doğulub boya-başa çatan Nəcməddin Sarkayev idi.
44 metrlik bayraqla keçirilən yürüş...
Balakənin Şərif kənd məktəbinin şagirdləri bu təhsil ocağının məzunu olan, şəhid Nəcməddin Sarkayevin anım və doğum günü münasibəti ilə 44 metrlik üçrəngli bayrağımızla əvvəlcə Şəhidlər bulağı kompleksinə daha sonra isə şəhidin uyduğu məzarlığa doğru yürüş edir.
Xatirə evi-muzey...
Şəhidin məzaüstü ziyarəti başa çatandan sonra ailə üzvləri ilə onun Xatirə evi-muzeyində söhbətimizi davam etdiririk. Öyrənirik ki, evin sonbeşiyi olan Nəcməddin Tərtər rayonunda N saylı hərbi hissədə hərbi xidmət keçib. Elə o gündən hərbidə qalıb xidmət keçmək istəsə də ilk cəhdi baş tutmayıb.
General Polad Həşimovun şəhid olmasından sonra orduya yazılanlardan olub və Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə yola düşüb. Əvvəlki müraciəti əsasında o təlimlərə qatılıb və uğurla keçdiyindən ona gizir rütbəsi verilib.
Anası Tinay Sarkayeva 40 ilə yaxındır ki, Şərif kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Elə Nəcməddinin də ilk müəllimi anası olub.
“Analara Allah səbr verin. Polad Həşimov şəhid olandan sonra Nəcməddinin statusundan “General, qanınız yerdə qalmayacaq. General, Allah rəhmət eləsin. General, sizin qanınızı mən alacam, o ermənini mən tapacam”. Nəsə onda Vətən sevgisi daha da artdı, daha da çoşdu, cəsarətə gəldi”, -deyə ana qeyd edir.
Şəhid formasını geymək hər oğulun hünəri deyil
Şəhid atası Əli Sarkayev Nəcməddinin onlardan xəbərsiz orduya yazıldığını, müddətli müqavilə ilə xidmət etmək üçün imtahanlara qatıldığını sonradan bu barədə eşitdiklərini deyir. Əli kişi həmin dövrü belə xatırlayır.
“2019-cu ildə oğlum əsgərliyini başa vurub evə gələndə özü ilə iki hərbi forma da gətirmişdi. Dedim oğlum bu iki formanı sən neynirsən? Bu nə formadı? Dedi ata, sən bilirsən bu qəhrəman şəhidin formasıdır. Bu formanı geyinib gəlməyi Allah mənə qismət elədi. O, elə bir cəsarətli şəhid idi ki, ermənilərin qanını içən idi. Mən bu formanı geyindim ki, onun yolunu davam eləyəm”- deyib, həmin anları xatırlayan Əli kişi başını dik tutur və - “Allah bütün şəhidlərə rəhmət eləsin” deyə əllərini açıb dua edir.
Yaralı olsa da komandirinin nəşini döyüş meydanından çıxarmaq üçün gedir.
Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Nəcməddin Sarkayev Ağdərə döyüşləri zamanı komandirini döyüş bölgəsindən çıxaran zaman şəhid olub.
Həmin epizodu isə ailə üzvlərinə Nəcməddinin döyüş yoldaşları, Hərbi komandanlığın nümayəndələri danışıb. Şəhid qardaşı Abdulla Sarkayev isə eşitdiklərini bizə belə nəql edir:
“Qardaşım döyüş vaxtı yaralandı və geri gətirdilər ki, həkimlər onu müayinə etsinlər. Müayinədən sonra döyüş yoldaşlarından soruşur ki, bizim komandirimiz Abdurahmanov yoxdu burada...
Bu zaman döyüş yoldaşlarından biri xəbər verir ki, komandirləri Abdurahmanov şəhid olub və nəşi döyüş meydanında qalıb. Bunu eşidəndə qardaşım deyir ki, mən şəhidimizi orada qoya bilmərəm, onu götürməyə gedirəm. Qardaşım yaralı halda onu götürməyə gedir. Komandirini qucağına alıb ayağa qalxanda onu da düşmən snayperi hədəf alır. Beləcə qardaşım da şəhid olur”.
Ziyarətə gələnlərin sayı-hesabı yoxdu...
Şəhidin anım və doğum günü ərəfəsində bu ailəni, onun adına təşkil edilən xatirə otağını ziyarət edənlərin sayı isə onlarladır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra “Cəsur döyüşçü” və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu