Tıxaclara ALTERNATİV ÇÖZÜM – İş saatları dəyişdirilə BİLƏR?

Hazırda oxunan: Tıxaclara ALTERNATİV ÇÖZÜM – İş saatları dəyişdirilə BİLƏR?

159521

Zaman-zaman Azərbaycanda iş saatlarının dəyişdirilməsi ilə bağlı istər millət vəkilləri, istərsə də ekspertlər tərəfindən təkliflər irəli sürülür. Belə ki, cəmiyyətdə gedən müzakirələrə əsasən, əgər iş saatları dəyişdirilsə, tıxacın qarşısı alınmış olar.  

Bir sıra şəxslərin fikrincə, dövlət strukturlarında iş, özəl sektorlara nisbətən daha tez başlamalıdır.

Məsələn, əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec olmalıdır. Əgər müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar.  

“İş saatlarının başlanma və qurtarma vaxtını işəgötürən müəyyən edir” 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, bu kimi tədbirlər tıxac probleminin həllinə çox az kömək edə bilər:  

“Çünki bu, yalnız həll olunmalı onlarla məsələdən biridir. Eyni zamanda, bizdə, xüsusən özəl sektor əsas qeyri-formal əmək bazarıdır. Yüzlərlə, minlərlə kiçik müəssisələr var ki, onlarda iş rejimini tənzimləmək qeyri-mümkündür. Bu, qanunla da mümkün deyil.  
Konstitusiyada qeyd edilib ki, iş rejimi səkkiz saat olmalıdır. Lakin iş saatlarının başlanma və qurtarma vaxtını işəgötürən müəyyən edir. Əks-təqdirdə bunu müəssisənin işinə müdaxilə hesab etmək olar. Bu məsələnin tənzimlənməsi üçün Nazirlər Kabineti dövlət sektoru üçün qərar verə bilər. Amma özəl müəssisələrə müdaxilə etmək düzgün deyil”.   

Tıxac probleminin həlli isə digər məsələlərlə daha çox bağlıdır  

“Bakı şəhərinin küçələrinin az və ensiz olması tıxacın əsas səbəbidir. Digər problem işıqfor sisteminin təkmil olmaması ilə bağlıdır. Bizdə işıqfor sistemi tıxacların yaranmasında əhəmiyyətli rol oynayır. Məsələn, Avropanın şəhərlərində intellektual idarəetmə sistemləri var. Bizdə də Nəqliyyatı İntellektual İdarəetmə sistemi yaradıldı. Amma orda heç bir intellektual idarəetmədən söhbət gedə bilməz.  

O tablolarda da yalnız hansısa məlumatlar və s. yerləşdirilir. Yəni Bakıda ictimai nəqliyyatın idarəetmə, dispetçer sistemi təkmil deyil, gecikmələr var. Bir çox ölkələrdə tramvay xətlərinin olması tıxacların azalmasında müstəsna rol oynayır. Bizdə tramvay xətləri sökülüb, indi onları bərpa etmək əslində mümkün deyil”.  

Bir də sürücü mədəniyyəti...   

“Əlbəttə, bu, vacib məsələlərdən biridir. Yol kəsişmələrində tıxacların uzun-uzadı əmələ gəlməsi sürücü mədəniyyəti ilə bağlıdır. Hamı tez keçmək istəyir və nəticədə tıxac əmələ gəlir və görürsən ki, hər tərəfdə yollar boş, amma ortada bütün nəqliyyat vasitələri ilişib qalıb.  

Bunu qanunvericiliklə tənzimləmək istədilər, İnzibati Xətalar Məcəlləsində müvafiq maddə var, cərimə də nəzərdə tutulub. Amma yenə heç bir nəticə vermədi. Yəni bu qədər problemlər olduğu təqdirdə,  iş saatları dəyişdirilsə də, tıxacı azaltmaq mümkün olmayacaq”.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin