Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, iclasda Azərbaycan Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 26-cı və 61-ci maddələri baxımından Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Baş Prokurorluğun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru R.Rüstəmovun rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsinin “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəası yalnız həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları nəzərdə tutur və bu Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə qadağan olunmuş hərəkətləri ehtiva etmir.
Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda müdafiəçinin icraatın sonrakı mərhələsində iştirak etməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu hesab edilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:45 / 11.10.2023
Təqsirləndirilən şəxsin müdafiəçisinin icraatın sonrakı mərhələsində iştirakı ilə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Təqsirləndirilən şəxsin müdafiəçisinin icraatın sonrakı mərhələsində iştirakı ilə bağlı QƏRAR VERİLDİ
Hazırda oxunan: Təqsirləndirilən şəxsin müdafiəçisinin icraatın sonrakı mərhələsində iştirakı ilə bağlı QƏRAR VERİLDİ
159434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.