Miras DAVALARI – Varislik məsələsi necə HƏLL OLUNMALIDIR?

Hazırda oxunan: Miras DAVALARI – Varislik məsələsi necə HƏLL OLUNMALIDIR?

159407

Vərəsəlik bütün zamanlarda ciddi mübahisə və müzakirə mövzusu olub. Bu mövzunun müzakirəsi bu gün də davam edir. Tez-tez baş verən əmlak mühbahisələri hazırda məhkəmələrdə ən çox baxılan işlərdən biridir.

Vərəsəlik hüququ necə tənzimlənir?

Sualı Bizim.Media üçün cavablandıran Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev qeyd edib ki, vərəsəlik iki cür olur:

“Bunun biri vəsiyyətnamə ilə, digəri isə qanun üzrə vərəsəlikdir. Adından göründüyü kimi dünyasına dəyişmiş şəxs varidatı üzrə vəsiyyətnamə qoyur. Vəsiyyətnaməyə görə varidat bir və yaxud bir neçə adam arasında bölünə bilər. Amma burada qanunla məcburi pay məsələsi də var. Əgər kimsə qanunla varisdirsə, amma vəsiyyətnamədə onun adı yoxdursa, onda o adam məcburi pay ala bilər. Belədə həmin şəxs qanuni vərəsənin ala biləcəyi payın yalnız 50 faizini ala bilər. 

Qanunla müəyyən edilən vərəsəlik də var. Bunun da 5 növbəçiliyi olur. Birinci növbədə vərəsəliyə həyat yoldaşı, valideynlər və uşaqlar daxildir. İkinci növbəyə bacı və qardaşdır. Sonra gəlir nənə-baba və digər şəxslər. Burda bir məsələ var. Əgər birinci növbədəki şəxslər varsa, onda varidat onlara düşür. Bu olmadıqda isə digər növbəlilik prinsipi meydana gəlir”. 

Əsabəli Mustafayev vacib bir məqama da toxunub:

“Əgər miras ərlə arvadın nigahı dövründə qazanılıbsa, onda həmin mirasın 50 faizi sağ qalan ərə və yaxud arvada qalır. Yox, əgər miras nigahdan əvvəl qazanılıbsa, onda mirasın 25 faizi sağ qalan ərə və yaxud arvada çatır, 75 faizi isə digər varislər arasında bərabər səviyyədə bölünür.

İslamda vərəsəlik 

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, İslamda miras bölgüsü fiqhə aiddir və İslam hüququ ilə tənzimlənir:

“Şübhəsiz ki, Quranda da bu haqda ayələr var, habelə Peyğəmbərin hədisləri var. Müxtəlif fiqh alimləri və müctəhidlərin fətvaları da mövcuddur. İnsan öldükdən sonra cənazəsinin hazırlanması və dəfn xərcləri qoyub getdiyi mirasdan ödənilir. Sonra əgər borcu varsa, həmin məbləğ ödənilir. Daha sonra isə mərhumun vəsiyyətinə uyğun bölgü aparılır.

Bundan sonra nə qalırsa, həmin mal varislər arasında bölünür. Quranda, Nisa surəsi 11-ci ayədə miras haqda deyilir:

"Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay) düşür. Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya düşür. 

(Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir. 
(İslam vərəsəlik hüququnda paylar insanların öhdəlikləri nisbətində ədalətli şəkildə bölüşdürülüb. Buna görə də daha çox öhdəliyi olanlara daha çox pay verilir. İslam ailə hüququna görə, evlilikdə mehri verən və toy xərcini çəkməli olan kişidir. Evləndikdən sonra da ailəyə və uşaqlara baxmaq kişinin üzərinə düşür.)

Yəni, oğula iki, qıza bir pay düşür. 

Vəfat etmiş həyat yoldaşının mirası haqqında Allah təala Nisa surəsinin 12-ci ayəsində buyurur:
 

"Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox, əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir.

Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. 

Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin