Azərbaycan universitetlərində auditoriyalara yerləşdirilmiş kameralar tələbələrlə yanaşı, müəllimlərin də nizam-intizamına nəzarət edir. Belə ki, universitet müəllimləri tərəfindən verilən məlumatlara görə, onlara oturuşundan tutmuş, az qalsın, telefonlarına qədər kameralardan nəzarət olunur.
Bəs, bu cür nəzarətin olmasına səbəb nədir?
Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, bu günlərdə ali təhsil müəssisələrində neqativ hallar orta məktəblərlə müqayisədə, heç də az deyil:
MÖVZU İLƏ BAĞLI:
“Bir il təhsil alsan da dörd ilin ödənişini ETMƏLİSƏN” – Universitetlərin bu tələbi QANUNİDİR?
“Burada ən vacib məqamlardan biri, 51 ali təhsil müəssisəsində tədrisin təşkili ilə məşğul olan müəllim kontingentinin bilik və bacarıqları ilə bağlıdır. Çox təəssüflər olsun ki, biz hazırda auditoriyalardan çıxan tələbələrin məzun olaraq əmək bazarına daxil olanda bilik və bacarıqlarından razı olmuruq. İşəgötürənlər, dövlət qurumları ali məktəblərdə mütəxəssislərin keyfiyyətli hazırlığından narazıdırlar.
Məhz bu problemin aradan qalxması üçün universitetlər, təhsil verənlər müəllimlərin üzərində nəzarəti bir az gücləndirib. Amma burda bir məqam var:
Şəxsi informasiyanın toxunulmazlığı.
Bu kimi məsələlərdə müdaxilə qəbuledilməzdir. Tədrisin gedişini əgər müəllim pozursa, nöqsanlara yol verirsə, birmənalı şəkildə buna nəzarət olunmalıdır. Amma bu, o demək deyil ki, müəllimin şəxsi telefonuna baxılmalıdır. Lakin müəllim dərsin gedişində telefona baxırsa və yaxud da normal tədrisin gedişinə mane olan hərəkətlərə yol verirsə, buna nəzarət olunmalıdır.
Amma bu o demək deyil ki, biz onların hər hansısa bir şəxsi ehtiyaclarının ödənilməsinə mane olmalıyıq. Tutaq ki, hansısa vacib bir məqamla bağlı müəllimə zəng gəlibsə, cavablandırmağı biz ona qadağan edə bilmərik”.
Ekspertin sözlərinə görə, nəzarət mexanizminin arxasında məhz müəllimlərin dərsi yaxşı tədris etmələri dayanır:
“Bəzi müəllimlər ona görə narahat olurlar ki, dərsin gedişində əlavə söhbətlər edirlər, bu və ya digər formada dərsi keyfiyyətli təşkil etmirlər. Bir məqamı xüsusən qeyd edim ki, universitetlərin Elmi Şurası tərəfindən ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları təsdiqlənir.
Əgər bu qaydalarda qeyd olunan məhdudiyyətlər dərsin gedişində bu və ya digər nəzarət mexanizmi nəzərdə tutubsa, bu, qanun pozuntusu deyil. Lakin müəllimlərə psixoloji təsir göstərmək olmaz”.
Bizim.Media