Təsadüfən ayı ilə qarşılaşdı, atın üzəngisini buraxmadı, möcüzə nəticəsində sağ qaldı...
Bir neçə gün əvvəl Qaxın ucqar Sarıbaş kəndinin dağlıq ərazisində atla hərəkətdə olan rayon sakininə ayı qəflətən hücum çəkib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, cəld tərpənən 57 yaşlı Fəxri Babayev atın üzərində müvazinətini saxlayaraq təhlükədən sovuşa bilib.
MÖVZU İLƏ BAĞLI:
Qax sakini ayı hücumuna məruz qalıb
Dar cığır və sıldırım qayalıq.
Ayı hücumuna məruz qalan Fəxri Babayevin sözlərinə, görə o uzun illərdir təsərrüfatla məşğuldur və yaşadığı kəndin dörd yanı dağlıq və meşəlikdir. Deyir ki, elə vaxtlar olub, gecə, bəzən səhər dan yeri ağaranda həmin yollarla hərəkətdə olub. Lakin bir dəfə də olsun vəhşi heyvan ona hücum çəkməyib.
“Bu ilk və nadir hadisədir” - deyən Fəxri hadisəni belə xatırlayır:
“Mən 20 ildən artıqdır ki, təsərrüfatla məşğulam. Təsərrüfatımız dağda, Sarıbaş kəndində olur. Öz kəndimizdir, çobanlarımıza çörək aparırdım. Günorta saat 1-2 olardı. Ata yükü vurub, kənddən 1,5 km-2 km uzaqlaşmışdım, meşədən keçirdim. İndi palıd qozası olan vaxtdır, ayının başı böyük ehtimal palıd qozalarına qarışıb deyə bizi görməyib, biz də onu görməmişik. Rastlaşanda çox böyük həyəcan keçirdim”.
Fəxri Babayev nə qədər dağ adamı olsa belə ayını görəndə həyəcanlanıb və bir anda ondan xilas olmaq üçün atını kənara çəkməyə çalışıb.
Lakın ayı da onlardan qorxub və ilk növbədə ata deyil, insana hücum çəkib:
“Üstümə atıldı, ayağımdan tutdu. İstədi ki, çəkib atdan salsın məni. Mən də atı buraxmadım, başqa əlimdən heçnə gəlmədi. At hürkmüşdü, yerində dayanmırdı. Tullandı, ayı o biri tərəfə çevriləndə bir ayağımı buraxdı, o biri ayağımdan tutdu. Yenə at çırpınırdı, qaçmağa çalışırdı. At qaçdı, məni qurtardı”.
O, ayıdan xilas olan kimi dərhal Sarıbaş kəndinə qayıdıb. Daha sonra maşınla rayon xəstəxanasına gəlib və ilkin tibbi yardım alıb. F. Babayevə ilk növbədə quduzluğa qarşı peyvənd vurulub, ayağına bir neçə yerdən tikiş qoyulub.
Ayılar heyvanları deyil, insanı təhlükə bilir.
İlisu Dövlət Təbiət Qoruğunun direktoru Azərçin Muradov hazırda ayıların qışa hazırlıq dövrü olduğunu, bu hadisənin də qəflətən qarşılaşma nəticəsində baş verdiyini bildirib:
“Hazırda ayıların aktiv fazasıdır, qış yuxusuna getməkdən öncə çox sürətlə yemlənməlidirlər, onlar təkcə gecə yox, günün bütün saatlarında yemləndiyini müşahidə edirik. Əsasən bizim meşələrimizdə olan palıd, fıstıq, digər giləmeyvələrdən qidalanırlar.
Onu deyə bilərəm ki, hadisə Sarıbaş kəndinin yaxınlığında baş verib. Zərərçəkən sadəcə ayının hərəkət etdiyi istiqamətdə bir az səsli getmiş olsaydı, ayı həmin ərazidən uşaqlaşacaqdı. Çünki ayı çox həssas heyvandır, eşitmə, iybilmə qabiliyəti çox güclüdür. Xüsusən erkək ayının hücum çəkmə kimi bir adəti yoxdur. Onun psixologiyasında özünü qoruma instinkti var”.
Azərçin Muradov onu da əlavə edib ki, bütün ölkə ərazisində olduğu kimi onların da qoruğunda bu heyvan növünün sayında xeyli artım müşahidə olunur.