Anadolunun yatmış gözəli – Van gölündən REPORTAJ/FOTO 

Hazırda oxunan: Anadolunun yatmış gözəli – Van gölündən REPORTAJ/FOTO 

159205

Türkiyə deyərkən ilk ağıla gələn bu ölkənin bənzərsiz və əsrarəngiz təbiətidir. Turizm cənnəti olan bu ölkənin əsrlərə dayanan tarixi, memarlıq abidələri, zəngin mətbəxi, dənizi, gölü və möhtsəşəm mənzərərləri xəyal olacaq qədər gözəldir.

4 dənizlə əhatələnən, dünyanın yeddi möcüzəsindən ikisinin – Efes Artemidası məbədi və Helikarnas mavzoleyinin yerləşdiyi Türkiyə turizmi ilə dünyada brend ölkə hesab olunur.

Təsadüfi deyil ki, Ümümdünya Turizm Təşkilatının son 6 aylıq hesabatına görə Türkiyə 2023-cü ildə turizmin artım tempinə görə dünyada ilk yerlərdən birini tutur. Bu ölkəyə dünyanın hər bir yerindən bütün mövsümlərdə axın var. 

Bir sözlə bu ölkənin hər qarışı bir möcüzə və macəradır...

Bu dəfə Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının təşəbbüsü və dəvəti ilə Türkiyənin 4 şəhərinə – Van, Muş, Bitlis və Bingöl səyahət etdik. Azərbaycan, Qırğızıstan və Tacikistan jurnalistlərinin bu səfərdə bir araya gəlməsi isə türk dünyasının tarixini birgə kəşf etməyə fürsət vermiş oldu.  

Van gölü


Şərqi Anadolu regionunda və dağların arasında yerləşən Türkiyənin ən böyük gölü, Yaxın Şərqdə isə ən böyük ikinci (Urmu gölündən sonra) göl hesab olunan Van gölünün valehedici gözəlliyi sehirli ada təsirini bağışlayır. Yerli sakinlər tarixən Van Gölünü "dəniz" adlandırıb.

Dəniz səviyyəsindən 1648 m yüksəklikdə yerləşən və üçbucaqı xatırladan gölün şəffaf mavi rəngdə olması da bir başqa aləmdir. Dik qayalıqlarla əhatələnmiş Van gölündə, xüsusilə sahilləri yaxınlığında, bir çox kiçik adalar və dörd böyük ada var.

Nəhayət ki, dillər əzbəri olan Van gölünün sahilinə çatırıq. Səssiz ləpələr qoynunda lövbər salan qağayılar sanki çoxdan gözlədikləri qonaqlarını qarşılamaq və salamlamaq üçün düzülüblər.


Bir-birlərinə hay salan bu dilsiz mələklər əcnəbi qonaqlarına nəsə demək, anlatmaq üçün ora-bura var-gəl edirdilər. Van isə sehirlənmişdi, bəlkə də dərin bir yuxuya getmişdi...  

Bələdçimiz və tur rəhbərimiz Mustafa Akkaya gölün tarixindən və suyunun şəfasından söz açır. Müsahibimiz deyir ki, Van gölü Nemrut dağında vulkan püskürməsi nəticəsində yaranıb. Orta dərinliyi 161.2 metr olan, dünyanın ən böyük qazlı su gölü sayılan, Van minerallarla zəngindir.

Müalicəvi suyu isə el arasında “yağlı ekzema” kimi tanınır və sağlamlıq üçün çox faydalıdır. Soda-karbonat tərkibli şəffaf suyu göbələk kimi dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir. Dünyanın ən böyük soda gölü də deyə bilərik... Maraqlı məlumatlardan biri də o oldu ki, bu göldə yalnız bir balıq növü, İnci kefal adlandırılan balıq yaşayır.
Mustafa bəyin sözlərinə görə Van gölü Şərqi Buğa və Aladağ dağları arasındakı tektonik formasiyanın qərb hissəsində yerləşir. Gölün qərbində və şimal-qərbində bir neçə sönmüş vulkan var. Süphan və Nemrut dağları bu sönmüş vulkanlardan bəziləridir. 

Akdamar adası


Sonra şəhər mərkəzindən 60 km uzaqlıqda yerləşən Van Akdamar adasına yollanırıq. Təxminən 1 saata yaxın yaxta ilə göl gəzintisindən sonra adada yerləşən erməni və xaç kilsəsinə yaxınlaşırıq. Ətrafı bürüyən tikinti materiallarından bəlli olur ki, burada restavrasiya işləri aparılır.

Zatən tur rəhbərimiz də söhbət əsnasında bu məqama toxunur və xüsusilə vurğulayır ki, türk dünyası erməni xislətindən fərqli olaraq tarixi və dini dəyərlərə sayğı ilə yanaşır. Onların məscidlərimizdə hansı ki, II Qarabağ savaşında bunu edirdilər, donuz saxlamaqları, bəzi məscidləri isə məhv etməkləri erməni vəhşiliyinin bariz nümunəsidir ki, bütün dünya bu rəzalətə şahidlik etdi... 

Mustafa Akkaya deyir ki, Qüds şəhərindən İrana aparılan əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır.


Tikintinin başlamasına hökmdar I Qagik göstəriş verib. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam edir və 921-ci ildə tamamlanır.

Kilsənin üzərində Adəm və Həvvanın cənnətdən qovulması, İbrahim, İsa, Yunus və bir çox peyğəmbərlər haqqında dini, tarixi rəvayətlərin rəsmləri həkk olunub. Kilsənin içərisindəki divarlarda sonradan cızılmış yazılar diqqətimi çəkir. Bələdçimizin sözlərinə görə bu yazı işarələrinin tarixi uzun illərə dayanan kilsənin yarandığı dövrlə əlaqəsi belə yoxdur. 

Keçək kilsənin adına...


Bələdçimiz söyləyir ki, ermənilər tərəfindən Akdamar kilsəsinin uydurulmuş rəvayətinə görə, guya bir müsəlman kilsə keşişinin Tamar adlı qızına aşiq olub. Qız hər gecə şam yandırar, gənc şam yanan tərəfə üzər və görüşərmişlər.

Bunu başa düşən keşiş şamı tufanlı bir gecədə yandırır. Sevgisinə sadiq olan gənc fırtınaya baxmayaraq, bu dəfə də sulara baş vurur. Yorulub əldən düşən və göldə batan gənc son nəfəsində “Ah Tamar” deyə qızı səsləyir. Elə o zamandan da adanın və kilsənin adı Akdamar qalır...

Ardı var...
























Alçina Amilqızı, Van, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin