Ötən gün Qobu qəsəbəsində keçirilən əməliyyat zamanı 35 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Bölməyə əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Arafat İsmayılovun Qobu qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.
Evə baxış zamanı 7 kiloqram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 68 ədəd ümumi çəkisi 28 kiloqram çətənə kolu aşkarlanaraq götürülüb. A.İsmayılov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Bizim.Media