Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilməsi NARAZILIQ YARATDI – “Xeyri olmayacaq”

Hazırda oxunan: Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilməsi NARAZILIQ YARATDI – “Xeyri olmayacaq”

158989

Xəbər verildiyi kimi Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Hansı ki, zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Kabusa çevrilən Bakı-Sumqayıt YOLU – Ziya Məmmədovun səhvi yenidən TƏKRARLANIR?


Məsələ sosial şəbəkələrdə ciddi narazılıq doğurub. Əksəriyyət sıxlıq olan yolda avtobus zolağının çəkilməsini məqbul hesab etmir. 

Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirib ki, təbii ki, narazı və razı olanlar var:

“Amma bu tətbiq ediləndə nəticəni görəcəyik. Hazırda isə iş aparılır”, - deyə əlavə edib. 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edib ki, avtobus zolaqları münasib və uyğun bilinən yollarda çəkilməlidir:

“Mən düşünmürəm ki, avtobus zolaqlarını çəkməklə ictimai nəqliyyatdakı vəziyyəti düzəldə bilərik. İctimai nəqliyyatdakı vəziyyət düzəlməyənə qədər avtobus zolaqlarının heç birinin xeyri olmayacaq. Yəni, biz avtobus zolaqlarını çəkirik, amma o zolaqla avtobus hərəkət etmirsə, bunun bir mənası olmur. Bu gün hər kəs bilir ki, marşruta buraxılan avtobus sayı olduqca azdır. Belə olan halda biz nə qədər avtobus zolağı çəksək də bu, effektiv olmayacaq. Yaxşı olardı ki, avtobus parkı üzərində də çalışılsın”. 

Ekspertin fikrincə, avtobus zolağının hər yerdə olması da vəziyyətin effektiv olacağı demək deyil:

“Bu, əks effekt verə bilər. Bəli, sosial şəbəkələrdə narazılıqları görürəm. Narazılıq edənlərin arasında çox hörmətli ictimai xadimlər, millət vəkilləri, media nümayəndələri və ekspertlər var. Ümumiyyətlə, hər hansı bir işi görməzdən əvvəl cəmiyyətlə və ictimaiyyətlə məsləhətləşməyə ehtiyac var. 

Xüsusilə, paytaxt Bakıda yol-nəqliyyat sahəsində hər hansı bir iş görülürsə, mütləq qaydada sakinlərin fikri nəzərə alınmalıdır. Bundan əvvəl BNA sakinlərin, hətta millət vəkillərinin təkliflərini dinləməyərək işləyirdi, sonda da aqibətini gördük. İstəməzdim digər qurumların da aqibəti bu cür olsun. Ona görə də ictimai fikri nəzərə almaq lazımdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin