Oktyabrın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təlimi çərçivəsində keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.
Sonra Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində nümayəndə heyətinə “Xəzri-2023” birgə taktiki təliminin planlaşdırılması, hazırlıq prosesi, eləcə də mərhələlər üzrə icra olunan fəaliyyətlər barədə məruzələr edilib. Qeyd olunub ki, İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətinin müşahidəçi kimi iştirak etdiyi təlim iki mərhələ üzrə icra olunur.
Təlimdə hər iki ölkənin hərbi qulluqçularının birgə fəaliyyətlərin icrasında yüksək peşəkarlıq nümayiş etdirmələri xüsusi vurğulanıb.
Müvafiq epizodlar üzrə icra olunan tapşırıqları Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında izləyən müdafiə nazirləri təlimin gedişatını müsbət qiymətləndiriblər.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin, eləcə də hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi oktyabrın 8-dək davam edəcək.
Bizim.Media