Azərbaycanda bir çox şəxs problemlərini məhkəməyə müraciət etmədən, qeyri-leqal yollarla həll etməyə çalışır. Onlar səbəb kimi məhkəmə proseslərinin uzun və yorucu olduğunu bildirirlər.
Bəs, əslində bu problemin yaranmasına səbəb nədir?
Ali Məhkəmənin sabiq sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Bizim.Media-ya bildirib ki, doğurdan da Azərbaycanda məhkəmə sahəsində xeyli çatışmazlıqlar var: “Demokratiyanın birinci şərti məhkəməyə şikayətdir. Dövlətlə cəmiyyət, vətəndaşların öz arasında olan problemlər məhkəmədə həll olunmalıdır.
Ümumiyyətlə, məhkəmə mübahisələrin həlli üçün son instansiyadır. İstənilən vəzifəli şəxslər və dövlət orqanlarından məhkəməyə şikayət olunmalıdır. Məhkəmə bunu ədalətli, qanunauyğun şəkildə həll etməli, hakimlər isə qanunla hərəkət etməli və vicdanlı münasibətlərini ortaya qoymalıdırlar.
Fikrimcə, Azərbaycanda artıq yaxşı hakimlər də var. Son dönəmlər artıq Ağır Cinayətlər Məhkəməsində, Apellyasiya Məhkəməsində işlərə obyektiv, ədalətli baxıldığının şahidi oluram. Deməli, hələ bizim qanunu ali tutan yüksək ixtisaslı xeyli hakimlərimiz mövcuddur. Ancaq çox təəssüf ki, bunu heç də hamıya aid eləmək olmur. Məhkəmələrdə süründürməçiliyə yol verilir. İnsanlar məhkəmə xərclərini ödəməmək üçün müəyyən qeyri-leqal vasitələr axtarırlar. Əlbəttə bu, məni narahat edir.
Bu məsələni aradan qaldırmaq lazımdır. İndi Respublika Ali Məhkəməsinin sədri dəyişib və eyni zamanda uzun müddət idi ki, Məhkəmə Hüquq Şurasının sədri Ədliyyə naziri idi. Hazırda beynəlxalq tələblərə uyğun olaraq, həm də hüquqi dövlət hakimiyyətin bölünməsi prinsiplərini yerinə yetirilməsi nəticəsində Ali Məhkəmənin sədri, həm də Məhkəmə Hüquq Şurasının sədridir. Mən inanmaq istəyirəm ki, məhkəmələrin, hakimlərin fəaliyyətində ciddi, müsbətə doğru dəyişikliklər olacaq”.
“Səbəb insanların öz hüquqlarını bilməməsidir” "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə qeyd edib ki, cəmiyyətdə məhkəməyə müraciət edilməsində natamamlıq, ərincəklik var:
“Bunun əsas səbəbi isə, insanların öz hüquqlarını bilməməsidir. Digər məsələ isə, keçmiş dövrü nəzərə alaraq dövlət orqanlarına inam və etimadın aşağı olmasıdır. Çünki əvvəlki illərin acı təcrübəsi cəmiyyətdə inamsızlıq sindromunun kök salmasına səbəb olub. Eyni zamanda, bəli, məhkəməyə müraciətdən sonra proseslər uzunmüddətli olur.
Cəmiyyət də istər vaxtın sərf olunması, istərsə də əlavə xərclərin çıxılması səbəbi ilə məhkəməyə mürcaiət etməkdən çəkinir. Ümumiyyətlə, bəzi xırda məsələlər də olur ki, bunun üçün məhkəmələrə deyil, mediasiya, ombudsman institutlarına müraciət edərək inzibati qaydada həll etmək olar.
Hesab edirəm ki, cəmiyyətin böyük əksəriyyəti bu institutların fəaliyyətindən xəbərsizdir və ya institutlar özlərini cəmiyyətə kifayət qədər təqdim edə bilmirlər. Son illərdə məhkəmə-hüquq sistemində xeyli islahatlar aparılıb. Biz hakimlərin hüququn aliliyini nəzərə alaraq qərarlar qəbul etdiklərinin şahidi oluruq”.
Cahan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 05.10.2023
Vətəndaşlar məhkəməyə müraciət etməkdən ÇƏKİNİRLƏR – Səbəb məlumatsızlıqdır, YOXSA?
Hazırda oxunan: Vətəndaşlar məhkəməyə müraciət etməkdən ÇƏKİNİRLƏR – Səbəb məlumatsızlıqdır, YOXSA?
Hazırda oxunan: Vətəndaşlar məhkəməyə müraciət etməkdən ÇƏKİNİRLƏR – Səbəb məlumatsızlıqdır, YOXSA?
158451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.