Qəzada nəvəsini itirən Cığatel İsaqızının ailəsi hadisəni törədən şəxsi bağışlayıb - FOTO/VİDEO

Hazırda oxunan: Qəzada nəvəsini itirən Cığatel İsaqızının ailəsi hadisəni törədən şəxsi bağışlayıb - FOTO/VİDEO

158124

Şairə Cığatel İsaqızının qızı Leyla Camal ilk dəfə qardaşı oğlu Süleymanın dünyasını dəyişdiyi dəhşətli qəzanın pərdəarxası məqamlarından söz açıb. 

Bizim.Media xəbər verir ki, Leyla bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb. 

L.Camal bildirib ki, qəzadan sonra bir müddət Süleyman sağ olub. Lakin o, aldığı çoxsaylı xəsarətlər nəticəsində vəfat edib: 

“Hadisə avqust ayının altısı, gündüz saat 11-12 radələrində baş verdi. Qardaşım Ayaz uşaqlarını balıq tutmağa Salyan şəhərinə apardı. Süleyman  balıq tutmağı çox sevirdi. O balığı tuturdu, sonra onu suya buraxırdı. Balıqlarla oynamağı sevirdi. Balaca Cığatel deyir ki, Süleyman hər yerə baxıb ancaq gülürdü.

Yolu bir qədər gələndən sonra avtomobilin təkəri boşalıb. Maşını Ayaz yoldan kənara çəkib. Təkəri açmağa balşayıb. Süleyman atasına deyib ki, sənin yanında gəlib durmaq istəyirəm. Qardaşım isə ona icazə verməyib. Amma Süleymanın “Bəs sən həmişə mənə deyirdin ki, sən kişisən. Bəs niyə qoymursan təkəri açım?”

Elə deyəndən sonra Ayaz oğluna icazə verib. Balaca Cığatel də Süleymanla maşından düşüb. Amma sonra qızcığaz deyib ki, gedirəm avtomobildə yatmağa. Təkərin dörd boltuna aça bilsə də, beşinci açılamayıb. Qardaşım düz 40 dəqiqə o beşinci boltu açmağa çalışıb amma aça bilməyib. Hadisə Ayaz ayağa duran zaman baş verib.
Deyir ki, sürətlə yolla gələn digər avtomobilin səsini eşitdim. Bu anda isə qardaşım əlini üzünə apararaq, yerə uzanıb. Balaca Cığatel isə avtomobildə olub. Süleyman isə həmin an atasının yanında olub. Amma balaca Cığatelin oradan sağ çıxması möcüzədir. Çünki maşın qəza nəticəsində çox pis hala düşüb.

Yəni əgər kiçik salafan torbanı qatlayıb qoymaq istəsəydin maşında yer olmazdı. Qardaşım Ayaz qəzadan sonra bizə deyib ki, asfaltın üstünə uzananda mərhum atası gözü önünə gəlib. Sonra Süleymanı apardığını eşidib. Sonra da nələrin olduğunu Ayaz xatırlamır.

Qardaşımın telefonunu kimsə tapıb, səhər balaca Cığatel bizə zəng edib dedi ki, çox pis şey olub. O anda isə onun yanında bir qadın olub deyib ki, ürəkləri partlayacaq demə heç nə...

Biz də onun deməsi ilə başa düşdük ki, nəsə pis hadisə baş verib. Tərəddüd etmədən Salyan şəhərinə yola çıxdıq. Ən birinci isə mən və anam Çığatel İsaqızı qəza yerinə getdik.

Faciəmizi elə orada yaşadıq. Xəstəxanaya getdik, Süleymanın qəzada dünyasını dəyişməsini bizə demədilər. Həkimlərdən soruşdum, amma bizə heç kim cavab vermədi. Qəza anı Süleyman sağ olub, amma yarası çox pis olub. Morqa özümü ilk mən çatdırdım. Onun nə vəziyyətdə olduğunu öz gözlərimlə gördüm”. 

Leyla qəzanı törədən 60 yaşlı şəxsdən şikayətçi olmadığını və qardaşı Ayaz tərəfindən bağışlandığını açıqlayıb: 

“Qəzanı 60 yaşlı kişi edib. Yolda həmin şəxs başqa avtomobillə ötmə əməliyyatı edibmiş. Biz özümüz də sürücüyük, biz də yolda belə edirik. Onun da maşınında uşaqlar olub. Müxtəlif, kiçik sıyrılmaları olub. İnsandır da, o da istəməzdi ki, belə bir hadisə baş versin, kimisə getsin vursun. Biz həmin şəxsdən şikayətçi olmadıq. Onu polisə vermədik. Amma vicdan əzabı deyilən məsələ var. Heç kim istəməz ki, belə bir hadisə olsun. Nə biz, nə də ki o, bizi tanımır ki, deyək ki, qəsdən və düşmənçilik zəminində bu qəzanı edib”. 

Qeyd edək ki, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin