Ötən gün Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu ərazisində düşmən snayperi ilə vurulan şəhid Vüsal Xeybalı oğlu Orucovun cənazəsi bu gün Qusar rayonunun Suvacal kəndinə gətirilib. Doğulduğu evdə ailə üzvləri və yaxınları Vüsal Orucovla vidalaşıb.
Şəhid Vüsal Orucovun anası Gülzar Orucova Bizim.Media-ya açıqlamasında “Vətən sağ olsun, dövlətim, Prezidentim sağ olsun” deyib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ermənilər snayperlə atəş açdı, hərbçimiz şəhid oldu
O, oğlu ilə sonuncu dəfə sentyabrın 28-də danışdığını, "Necəsən?” soruşanda "Yaxşıyam" dediyini söyləyib.
Məğrur və qürurlu 100 metr məsafədə cənazəni şəhid məzarlığına aparanlardan biri də ana olub. Daha sonra şəhid Vüsal Orucovla Suvacal kənd qəbristanlığında vida mərasimi keçirilib. Şəhidin ruhuna dualar oxunub. Rayon icra başçısı şəhidin ailə üzvlərinə başsağlığı verib, şəhidlərin qanının yerdə qalmayacağını deyib.
Vüsal Orucovun cənazəsi bükülən Azərbaycan bayrağı şəhidin atası Xeyirbala Orucova təqdim edilib.
Qeyd edək ki, 19 yaşlı əsgər Vüsal Orucov ailənin 2-ci oğul övladı olub. O, Suvacal kəndinin ilk şəhidi kimi tarixə düşüb.