Şimal bölgəsində MÜƏLLİM ÇATIŞMAZLIĞI - Xarici dil və dəqiq elmlər üzrə kadrlara EHTİYAC VAR

Hazırda oxunan: Şimal bölgəsində MÜƏLLİM ÇATIŞMAZLIĞI - Xarici dil və dəqiq elmlər üzrə kadrlara EHTİYAC VAR

157707

Şimal bölgəsi məktəblərində müəllim çatışmazlığı problemi yaşanır. Bu problem şagirdlər və rəsmi  qurumlarla yanaşı, valideynləri daha  ciddi narahat edir.

Bu barədə Bizim.Media-ya övladı Xaçmazın Palıdlı kənd tam orta məktəbində oxuyan valideynlər məlumat verib. 

Valideynlər böyük narahatlıqla bildiriblər ki, yeni dərs ili başlayandan uşaqlar əsasən bədən tərbiyəsi dərsi keçir. Fənn müəllimləri  çatışmadığına görə dərslər boş keçir və ya bədən tərbiyəsi dərsi elan olunaraq açıq havada olurlar.  

Problemlə bağlı Xaçmaz rayonunun Palıdlı kənd tam orta məktəbinin direktoru Səhman Əliyevdən mövqe aldıq. Direktor məktəbdə fizika, tarix və rus -dili  fənnləri üzrə müəllim çatışmadığını təsdiqlədi. 
Məsələ ilə bağlı müraciət etdiyimiz Quba-Xaçmaz regional elm və təhsil idarəsindən də problemə münasibət bildirilib. Qurumun sözçüsü Gülər Hüseynova regional idarənin əhatə etdiyi 5 şimal rayonu üzrə 40-ı sosial məzuniyyətdə olmaqla  608 müəllimin çatışmadığını təsdiqləyib: 

"Xaçmazda 174, Qubada 234, Qusarda 141, Şabranda 39, Siyəzəndə 20 müəllimə ehtiyac var." 

Quba-Xaçmaz regional elm və təhsil idarəsinin əməkdaşı ən çox müəllim çatışmayan fənnləri də açıqlayıb. Onun məlumatına görə, şimal bölgəsinin 5 rayonu üzrə 96 rus dili, 65 ingilis dili, 77 biologiya, 81 riyaziyyat müəllimi çatışmır. 

Qurum nümayəndəsi bu istiqamətdə Quba-Xaçmaz regional elm və təhsil idarəsinin müəyyən tədbirlər gördüyünü  söyləyib. Bildirib ki, hazırda  müəllim çatışmazlığını aradan qaldırmaq üçün müəllimlərin ikinci iş yeri ilə təmin olunması məsələsinə baxılır. Bunun üçün müəllimlərə xüsusi elektron forma göndərilib. Sosial  şəbəkə hesabımızda elan verilib. Kim istəsə, qeydiyyatdan keçib ikinci iş kimi çalışa bilər. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin