Niyə tələbə oğlanlara kirayə ev verilmir? – ARAŞDIRMA 

Hazırda oxunan: Niyə tələbə oğlanlara kirayə ev verilmir? – ARAŞDIRMA 

157085

Tədris müəssisələrində dərslərin başlanmasına baxmayaraq, hələ də kirayə ev tapa bilməyən oğlan tələbələr durumdan şikayətçidirlər. Sosial şəbəkədələrdə gedən müzakirələrə əsasən, onların bir çoxu qohumlarının evində qalmağa məcbur olurlar. 

Belə ki, kirəyə üçün elanlar çox olsa da, mənzil sahibləri evlərini oğlan tələbələrə vermək istəmirlər. Səbəb olaraq isə oğlanların evi təmiz saxlamadığı bildirilir. 

Bu barədə redaksiyamıza xeyli sayda şikayətlər daxil olur.

Oğlu bu il Bakı Dövlət Universitetinə qəbul olan Vüsal Oğuz bildirib ki, əksər valideyinlər kimi o da kirayə ev axtarışında bir sıra problemlərlə üzləşib:

“Kirayə evlərin qiyməti də olduqca bahadır, şəraiti isə normal deyil. Ali təhsil müəssisələrinin yaxınlığında isə ev tapmaq olmur. Eyni zamanda oğlan tələbələrin üzləşdiyi ən ciddi problem isə ev sahiblərinin mənzili onlar üçün kirayələməkdən imtina etməsidir. 

Bu, hətta kütləvi bir hal alıb. Nəticə olaraq oğlanlar, xüsusi ilə 1 kurs tələbələri ciddi problemlərlə üzləşməli olurlar. Ev sahiblərinin oğlanlar üçün evi kirayə verməkdən imtina etməsində isə oğlanların evi təmiz saxlamadıqları, mənzilin təmirini və avadanlıqlarını qorumadıqları, bəzən hətta dağıtdıqları səbəb göstərilirdi”. 

Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin Sosiologiya ixtisasının 1-ci kurs tələbəsi Dünyabir Əlfiyev də sözügedən problemə görə ev axtararkən xeyli çətinlik çəkdiyini deyir:  

“Mən bir həftə ev axtardım, tapdığımız evlərin çoxunda mənzil sahibi deyirdi ki, oğlanlara ev verilmir. Səbəbini soruşduqda isə bildirirdilər ki, oğlanlar evi təmiz saxlamır. Bu vəziyyətdə ev sahibini də günahlandırmaq olmaz. Çünki hər kəs evinin səliqəli və təmiz saxlanmasını istəyir. Kirayə ev sahibi özü nəzarət etməsi şərtilə evini oğlan tələbəyə kirayələyə bilər. 

Məsələn həftədə bir dəfə ev sahibi gəlib yoxlanış aparsa, problem yaranmaz. Bunu da nəzərə almaq lazımdır ki, hər il minlərlə oğlan tələbə adını qazanır. Bəs bu tələbələr harda qalmalıdır?!” 

Sözügedən məsələ ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Vüqar Orucun sözlərinə görə, oğlan tələbələrə kirayə ev verilməsində yaşanan problemlər ciddi məsələdir: 

“Kirayə ev tapa bilməyən tələbələr bazardakı qıtlıqdan və eyni zamanda, uyğun variantlar tapa bilmədiyindən bu çətinliklə üzləşir. Hal-hazırda daşınmaz əmlak bazarının kirayə sektorunda olan dinamizim, yəni tələbatın çox olmasi belə bir problemin meydana çıxmasına səbəb olur. 

Oğlan tələbələrə kirayə verilməməsinin bir neçə səbəbi olur. Birincisi, oğlan tələbələrin kirayə mənzili verildiyi kimi normal və təmiz saxlamadığı səbəb göstərilir. Eyni zamanda oğlanların qaldığı evlərdə tez-tez şikayətlər daxil olur. Qonşular səs-küylü atmosferdən şikayət edirlər”. 

Vüqar Oruc çıxış yolunu təhsil müəsisələrinin yataqxanalarının böyüdülməsini və ya yenilərinin inşa edilməsində görür: 

“Yəni bu məsələlərin də yoluna qoyulması üçün tələbələr üçün vahid yataqxanalar olmalıdır. Çünki mövcud vəziyyət valideyinləri bu cür hallarda aciz qoyur. Tələbə tək ev tutursa, bu da ona baha başa gəlir. Nəzərə alsaq ki, birotaqlı mənzillərin qiyməti də  minimum əmək haqqından qat-qat yüksəkdir. Bu halda tələbələrə imkanların genişləndirilməsi vacibdir”. 

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin