“Uzun müddətdir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı islahatlara və tənzimləmlərin aparılmasına çox ciddi ehtiyac var. Bu qanunun qəbulu və bu sahənin lisenziyalaşdırıması müsbət addım olacaq. Əmlak sahəsi ilə bağlılığı olmayan elə şəxslər var ki, həm bazarda tənzimlənmənin olmamasından, həm də yaranmış boşluqdan özlərinə sərf edən şəkildə istifadə edirdi”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib.
MÖVZU İLƏ BAĞLI:
Torpaq və həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: Bu sənədə aldanmayın – VİDEO
Onun sözlərinə görə, "Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun layihəsinin artıq bir neçə ildir ki, Milli Məclisdə müzakirə olunur:
R.Qasımzadənin fikrincə, qanun qəbul olunarsa, bu bir çox yeniliklərə səbəb olacaq:
“İlk növbədə sertifikasiyası və lisenziyalaşdırılması həyata keçiriləcək. Bundan başqa, Qiymətləndirmə Palatasının yaradılması nəzərdə tutulub ki, bu da çoxdandır gözlənilirdi. Bir sözlə, bu sahədə ciddi dəyişikliklər baş verəcək və qeyri-peşəkar qurumların çoxu bazarı tərk edəcək.
Bundan başqa, bələdiyyə, icra kimi digər qurumların sərəncamında olan torpaq sahəsi, hansısa mənzil və s. kimi daşınmaz əmlakların satışa çıxarılmamışdan əvvəl müasir əsaslarla qiymətləndirilməsi aparılacaq”.
Hazırda qiymətləndirmə sahəsində sertifikasiya prosesinin çox zəif aparıldığını deyən müsahibimiz qeyd edib ki, bunun müvafiq dövlət qurumu tərəfindən tənzimlənməsinə çox böyük ehtiyac var:
““Qiymətləndirmə haqqında” qanun 1999-cu ildə qəbul olunduqdan bu günə qədər hələ də qüvvədədir. Halbuki, hər gün bazar və yanaşmalar dəyişir, buna görə də qanunun dəyişməsinə və qiymətləndirmə fəaliyyətinin icbari olmasına ciddi ehtiyac yaranıb. Ona görə ki, hər bir müəssisənin aktivlərinin qiyməti fərqli şəkildə dəyişə bilər”.
Daşınmaz əmlakın qiymətinin ildən-ilə artdığına diqqəti yönəldən ekspert, daşınar əmlakda isə qiymətlərin tədricən aşağı düşdüyünü qeyd edib:
“Amma bunun amortizasiya normalarına və qiymətləndirmə tələblərinə cavab verib-vermədiyini də söyləmək mümkün deyil. Bəzən də elə olur ki, hansısa bir bina inşa olunur, ancaq qiymətləndirmədə onun başagəlmə dəyərindən yüksək qiymət qoyulur.
Ancaq bəzi dövlət qurumlarında daşınmaz əmlakın qiymətinin çox aşağı göstərildiyini görürük. Gələcəkdə aparılacaq özəlləşdirmə zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nəzərə alınacaq və bazara uyğun qiymətləndiriləcək.
Yaxşı olardı ki, şirkətlər də qiymətləndirməni həyata keçirsinlər. Ona görə ki, gələcəkdə onların əmlakına hansısa ziyan dəyərsə, onun balans qiyməti reallığı əks etdirsin. Ancaq hazırkı məqamda onların əmlak dəyəri heç bir reallığa uyğun deyil. Buna görə də onların qiymətləndirmələrinin məcburi xarakter daşıması və həyata keçirilməsi məqsədəuyğun olar”.
Bu gün daşınmaz əmlak bazarında fəaliyyət göstərən hər kəs təcrübələri olsa da, olmasa da, qiymətləndirmə şirkəti qura bilir:
“Bu, bir tərəfdən yaxşı haldır və hər kəsə bu sahədə təcrübə qazanmağa və iş qurmağa imkan verilir. Digər tərəfdən isə sui-istifadəyə gətirib çıxarır. Ona görə ki, qiymətləndirmə spesifik fəaliyyət növüdür və bu işlə məşğul olmaq üçün ixtisaslaşmaya ehtiyac var. Əvvəllər Azərabaycan Dövlət İqtisad Universitetində bu sahə ilə bağlı kafedra fəaliyyət göstərirdi. Ancaq bir neçə ildir ki, bu istiqamətdə tədris tamamilə dayandırılıb”.
Ekspert düşünür ki, vətəndaşların da öz əmlaklarını qiymətləndirilməsində maraqlı olmaları vacibdir:
“Bir çox hallarda onlara ziyan dəydikdə, sığorta şirkətləri minimum kompensasiya ödəməyə çalışırlar. Əgər bir vətəndaş əmlakının qiymətləndirməsindən dərhal sonra banka müvafiq rəyi təqdim edərsə, ona uyğun şəkildə sığorta məbləği hesablana bilər. Bir sözlə, bu sahədə çox iş görülməlidir və bu, günün tələbidir”.
Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində daşınmaz əmlakın qiymətləndirilmsi ilə bağlı bir çox yeniliklərin həyata keçirlməsi nəzərdə tutulub.
Rövşən Ziya, Bizim.Media