M.Ə.Sabirin yüz ildən sonra tapılan taziyanəsi...

Hazırda oxunan: M.Ə.Sabirin yüz ildən sonra tapılan taziyanəsi...

156977
Yaddaş canlı kitabdır. Keçmişdən aldıqlarını köhnə səhifələrində təzə yaddaşlara daşıyır. Fərd-fərd, nəsil-nəsil yaddaşdan yaddaşa ötürülən bilgilər xalqın mədəni irsini dəyərli miras olaraq itməyə qoymur. Yaddaş - gəzən körpüdür. Keçmişi gələcəyə bağlayır. Gələcəyə çatdıqda gələcəyi keçmişə çevirib, yeni bir gələcəyə uzanır. Bu proses əbədi mühərrik kimi daimi olaraq təkrarlanmaqda davam edir.xa0

Bu yaxınlarda əldə etdiyimiz Sabir qələminə məxsus bir taziyanə də yüz ilə yaxın bir müddət içində, beləcə, yaddaş arxivində qorunub saxlanmış, lakin bu günə qədər üzə çıxarılıb, nəşr olunmamış, M. Ə. Sabirin kütləvi auditoriyaya çıxarılan əsərləri arasında yer tutmamışdır. Bu taziyanəni M. Ə. Sabirin yaxın dostu Şirvan Aşıq sənətinin böyük ustadı məşhur Mirzə Bilal öz övladına söyləmiş, ustadın doğma övladı Şəfi Mustafayev tərəfindən də bizə çatdırılmışdır.xa0

Biz AMEA-nın folklor İnstitutunun elmi əməkdaşı kimi canlı yaddaşlardan folklor örnəkləri toplayıb, elmi arxivə təqdim etdiyimiz sırada bu qiymətli örnəyi də yazıya almışıq. Bu taziyanənin maraqlı bir tarixçəsi var. Sabir irsinə bələd olan oxucular yaxşı bilirlər ki, onun satiraları cəmiyyətdə yüksək mövqe tutmuş müxtəlif təbəqələrin nümayəndələrini hər zaman ifşa etmişdir. Sabirin cəsarətli qələmi rus şovinizminin istibdadını da, İran müstəbidlərinin türk xalqına yönəlmiş amansız siyasətini də, yerli məmurları və İslamı öz şəxsi mənfəətinin pərdəsinə çevirən, ruhanilikdən, zahidlikdən xəbəri belə olmayan riyakar və münafiq ruhaniləri də qırmanclamış, taziyanələmişdir.xa0

Bir gün Sabirin amansız tənqidinə məruz qalan, ona nifrətlə yüklənən bir neçə molla libaslı cahil Sabirin yanından keçərkən ona tərəf tüpürür. Sabir nifrət hissinin tüpürcəyə çevrilən və ona tərəf atılan bu aciz reaksiyasına söz mərmisi yönəldib, elə oradaca bədahətən bu taziyanəni söyləyir:xa0

"Zahid bu əməldən utanıb ar etməz, Bilmir ki, tüpürcəggi bizə kar etməz. Biz bəhri-mühit eyləmişik kəndimizi, Bir parça nəcasət onu murdar etməz!"

xa0Sabir özünü mühitin dəryasına çevirdiyini, bir parça nifrət hissinin ona təsir edə bilməyəcəyini, məslək mübarizəsini ömrünün sonuna kimi dayandırmayacağını məhz Sabir təfəkkürünə və ilhamına məxsus bir tərzdə bu şəkildə bəyan edir.

Atif İslamzadə / filologiya üzrə fəlsəfə doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin