Bakıda qanunsuz zibil yandıranlar PEYDA OLUB – Rəsmi qurum da durumdan ŞİKAYƏTÇİDİR – VİDEO 

Hazırda oxunan: Bakıda qanunsuz zibil yandıranlar PEYDA OLUB – Rəsmi qurum da durumdan ŞİKAYƏTÇİDİR – VİDEO 

156897

Bakının Xətai rayonunda yenə zibil yandıranlar peyda olub. Rayonun Nəsrəddin Tusi küçəsinin sakinləri onların əlindən təngə gəlib. Maraqlısı isə budur ki, zibil yandıranların kim olduğu və hansı məqsədlə bunu etdikləri bəlli deyil. 

Bizim.Media-ya müraciət edən N.Tusi 38 ünvanında yaşayan sakinlərdən birinin verdiyi məlumata görə, binanın həyətində, məşhur "Afrodita" şadlıq sarayına yaxın məişət tullantıları üçün nəzərdə tutulmuş qabların yanında zibil yandırmaq üçün xüsusi yer də düzəldiblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Restoran sahibləri obyektin qarşısına qoyulan zibil qabılardan narazılıq edirlər - VİDEO 


"Vaxtaşırı burada taxta, ağac budaqları, plasmas qablar yandırılır. Ocaq qalanan yeri dəmirlə çəmbərə alıb, xüsusi yer düzəldiblər. Ətrafa yayılan pis qoxudan evdə oturmaq mümkün olmur. Ocağın tüstüsü qurutmaq üçün eyvana aldığımız paltarlara hopur. Üstəlik ətrafdakı ağacları da  qurudur. Hər tərəf yaşayış binası və məktəbdir. Dəfələrlə bununla bağlı şikayət etsək də Mənzil İstismar Sahəsi heç bir tədbir görmür”, - deyə sakin şikayətlənib. 

Qeyd edək ki, qanun məişət tullantılarını açıq havada yandırmağı qadağan edir. Zibili xüsusi texnologiyalardan istifadə etməklə yalnız qapalı yerdə yandırmaq lazımdır.

Bizim.Media əraziyə nəzarət edən Xətai Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı mənzil-kommunal istismar sahəsi ilə əlaqə yaradıb. Qurum rəsmisi Sədaqət Əliyevanın sözlərinə görə özləri də bu vəziyyətdən şikayətçidirlər:

“Məsələdən xəbərimiz var. Amma zibilin kimlər tərəfindən yandırılmasından xəbərsizik. Zibili yandıranlar bizim əməkdaşlar deyil və hamısına da bildrilib ki, məişət tullantılarını yandırma söhbəti olmamalıdır. Zibilin yandırılmasının ekologiyaya nə qədər ziyan vurduğunu yaxşı bilirik. Elə ona görə də bütün əməkdaşlara bu barədə tapşırıq verilib. Yəni bizim işçilərimizin bu addımı atması mümkün deyil. Həm bu hadisə iş vaxtımız bitəndən – 6-dan sonra baş verir. İş vaxtında isə nəzarət edirik”.

Sədaqət Əliyeva bu azmış kimi MİS-ə aid məişət tullantıları yeşiklərinin də yandırıldığını deyib:

“Bizim yeşikləri də yandırırlar. Dəfələrlə bu hal təkrarlanıb. Bunu bizim işçilər edərmi? Xətai rayon Polis Şöbəsinə müraciət etmişik və Xətai Mənzil Kommunal Təsərrüfat Birliyinə xəbərdarlıq olunub, eləcə də məktub ünvanlanıb. Əslində səbəbkarları görsək, özümüz cəzalandırarıq”, - deyə idarə rəsmisi əlavə edib. 

Məlumat üçün bildirək ki, zibillər yandırılarkən, müxtəlif zəhərli qazlar, o cümlədən dioksin xaric olunur.

Dioksin isə insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Dioksin uşaqların şikəst doğulmasına səbəb olur. Zibilliklərin yandırılması uşaqların inkişafına mənfi təsir edir. Yandırılan zibillərdən xaric olunan qazlar uşaqlarda mədə-bağırsaq xəstəliklərinə də səbəb olur. Həkimlərin bildirdiyinə görə zəhərlənmiş hava ilə nəfəs alan insanların ağciyər, qırtlaq xərçəngi, bronxial astma, iflic xəstəliyinə tutulması ehtimalı artır. 

Zəhərli qazlardan qan damarlarının qan dövranı pozulur, beyində müxtəlif şişlər yaranır. Uzun müddət zibil yandırılan ərazidə yaşayan şəxslər xərçəngə tutulma riskinə girirlər. Yeri gəlmişkən son zamanlar xərçəng və qan xəstəliklərinin sayının artmasına elə səbəb də havanın çirklənməsi və ekoloji problemlərdir. 


Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin