Qarabağda gedən antiterror tədbirləri zamanı müddətdən artıq xidmət edən Vüqar Məmmədzadə yaralanıb. Yaralı hərbçimiz sentyabrın 19-da başlanan antiterror tədbirlərində kəşfiyyatçı-xüsusi təyinatlı kimi döyüşə atılıb.
Bizim.Media-ya danışan anası Ruhiyyə Məmmədova oğlunun Vətən sevgisi ilə yaşadığını deyir:
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov yaralı hərbçilərimizi ziyarət etdi - FOTO/VİDEO
“Şükürlər olsun ki, oğlum sağ-salamatdır. Özü ilə danışdım, bir qədər yuxulu idi. Deyir, tez sağalıb, xidməti vəzifəmə qayıtmaq istəyirəm. Vüqar Vətən aşiqidir. Hər dəfə onu soruşanlara zarafatla deyirdim ki, o biri anasının (Vətən) yanındadır. Hər dəfə “ay bala nə vaxt evlənəcəksən” deyirəm. Cavab verir ki, “evlənmək vacib deyil, əsas Vətəni qorumaqdır”.
Ana Vüqar Məmmədzadənin 2020-ci ildə 44 günlük Vətən müharibəsində də iştirak etdiyini bildirib:
“İki oğlum var. Böyük oğlum Vüsal 44 günlük Vətən müharibəsində kəşfiyyatçı idi. O, da yaralanmışdı. Hazırda səhhəti ilə bağlı işləyə bilmir. Vüqar antiterror tədbirləri başlamamış deyirmiş ki, Xankəndiyə gedib çay içəcək. İndi də o arzu ilə sağalmağa çalışır”.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Nəsimi oğlu Məmmədzadə Beyləqanın Kəbirli kəndində doğulub.
Vüqar Məmmədzadə 24-30 mart 2023-cü il tarixlərində Laçın rayonunun “Mirzələr” yaşayış məntəqəsində Ermənistan respublikası ilə şərti dövlət sərhədində hakim yüksəkliklərin ələ keçirilməsində xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edilib.
Alçina Amilqızı, Bizim.Media