Şəhid anasından onu təhqir edən Şahin Məmmədova CAVAB – “Qoy məhkəmədə sübut etsin...” 

Hazırda oxunan: Şəhid anasından onu təhqir edən Şahin Məmmədova CAVAB – “Qoy məhkəmədə sübut etsin...” 

156483

Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının görüntüləri qalmaqala səbəb olub.  

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədov sözügedən görüntülərin lentə alınması və yayılmasında Sumqayıtdan olan şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətovanın səbəbkar olduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid dəfnində gülən Şahin Məmmədov: “Diqqətini şəhidə yönəltsin, məni niyə güdür?” - ÖZƏL


Şəhid anasının onun yanına mebel istəməyə gəldiyini, imtina etdiyi üçün isə qadının qərəzli şəkildə belə bir foto yaydığını iddia edib. Hətta şəhid anasının ünvanına nalayiq ifadələr də səsələndirib.  

Bizim.Media məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini alıb. Saytımıza açıqlamasında Əfsanə Əbülfətova bildirib ki, Şahin Məmmədovun şəhid dəfnindəki davranışı tək onu deyil, bütün Sumqayıt şəhidlərinin ailələrini qıcıqlandırıb.

Görüntüləri isə özü çəkməyib, sosial şəbəkələrdən götürüb: 

“Şəhidin dəfnində mən olmamışam. Şahin Məmmədovun gülən görüntülərini çəkib “TikTok”da paylaşıblar. Kim olduğunu bilmirəm. Mən də onu “TikTok”da gördüm və götürdüm. Torpağa bala qoymuşamsa, əlbəttə ki, bu görüntü qıcıq verəcək. Mən o videoya ağlaya-ağlaya baxmışam. Şahin isə gülür, yanındakılar da ona qoşulub. Həqiqətən də mənə əsəb gəldi. Nəyə gülürsən?  

Sənin balan deyil, tabutu evindən çıxmayıb axı, ona görə gülürsən. Bunu, bu mənada paylaşdım və altından “Öl ay kasıb. Sumqayıtın ağsaqqalları...” - deyə şərh yazdım. Onun sürücüsü Rauf mənə zəng etdi ki, “görüntüləri səhifəndən sil”.  

Cavab verdim ki, “mən sildim, bəs başqası? Artıq video sosial şəbəkələrdə sürətlə yayılıb. Təkrar qayıtdı ki, “sənə deyirəm sil”, mən isə “sildirə bilirsən sil, səhifə mənim, ağıl mənim” dedim. Şəhid analarının hamısı o görüntüləri paylaşıb, altına isə “bizim kimi yanasız” yazıblar. Bəli, məndə də qıcıq yaratdı və paylaşdım”. 

Əfsanə Əbülfətova Şahin Məmmədovdan mebel istəməsi məsələsinə də aydınlıq gətirib: 

“Balamdan əziz heç nə yoxdur. Onun qəbrinə and olsun ki, mən Şahin Məmmədovdan heç nə istəməmişəm. Sadəcə olaraq o hər dəfə deyirdi ki, Kəlbəcərə generator göndərib. Bunu bir neçə dəfə təkrarladı. Axırda dedim ki, “Şahin müəllim bunu 3 ildir başımıza vurursuz. 3 min bala gedib torpağa, heç ailələrinin səsi çıxmır”. Guya öz xoşunla edirsən? Camaatın pulunu yeyib göndərirsən də...” 

Şahin Məmmədovun onun ünvanına nalayiq ifadələr səsləndirməsinə gəlincə, Əfsanə Əbülfətova bu məsələni hüquqi müstəvidə həll edəcəyini vurğulayıb: 

“Mən səhərə qədər toyuq sexində işləyib, təkbaşına bala böyütmüşəm və tabutun altına tək girmişəm. Buna deyir yüngül həyat tərzi? Onun barəsində polisə şikayət etmişəm. Qoy məhkəmədə sübut etsin ki, ondan pul və ya nəsə istəmişəm”.  

Xatırladaq ki, Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovun görüntüləri ictimaiyyətdə narazılıqla qarşılanıb.  Şahin Məmmədov isə görüntülərin ortaya çıxmasında Sumqayıtdan olan şəhid anası Əfsanə Əbülfətovanı günahlandırıb.   

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin