Azərbaycan Asiya ölkələri ilə də qaz ticarətinə START VERİR – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Azərbaycan Asiya ölkələri ilə də qaz ticarətinə START VERİR – İlham Şabanın ŞƏRHİ

155437

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Yola saldığımız həftə dünya enerji bazarlarında da “soyuq müharibə”nin təzahürlərini müşahidə etdik, daha doğrusu Neft İxrac Edən Dövlətlər Təşkilatı (OPEC) ilə Beynəlxalq Enerji Agentliyi (İEA) arasında olan gizli rəqabətin açıq qarşıdurma səviyyəsinə keçməsi baş verdi.

Bundan əlavə Azərbaycanın ənənvi enerji daşıyıcılarının vəziyyəti ilə bağlı son statistikanın açıqlanması bir sıra maraqlı məqamları üzə çıxartdı.

Qlobal bazarlar.

Dünya enerji bazarları həftə ərzində yeni təlatümlərlə üzləşməli oldu.Əgər qaz qiymətləri Avropa bazarlarında faktiki olaraq dəyişməz qaldısa və 400 dollar ətrafında ticarət edilirdisə, amma “qara qızıl”ın qiyməti kifayət qədər yüksəliş nümayiş etdirdi və “Brent” markalı neft London birjasında üçüncü həftə dalbadal artımla qiymət həddini 94 dollardan yuxarı həddə keçirə bildi (Azərbaycan neftinin bareli isə alıcıya çatdırılma nöqtəsində təhvil verilmək şərti ilə 2022-ci ilin noyabrından sonra ilk dəfə 100 dollardan baha satıldı). OPEC və EİA qarşıdurması. Qeyd edək ki, OPEC və IEA neft bazarı ilə bağlı aylıq hesabatlar dərc edərək, təklifin tələbdən geri qaldığını qeyd ediblər.

Beləliklə, OPEC hesabatından belə nəticə çıxır ki, hasilat üçüncü rübün səviyyəsində qalarsa, dördüncü rübdə tələb və təklif arasındakı fərq gündə orta hesabla 3,3 milyon barel olacaq. Eyni zamanda, IEA-nın məlumatına görə, 2023-cü ilin ikinci yarısında qlobal neft tələbi təklifi gündəlik 1,24 milyon barel ötə bilər.
Təəssüf ki, qlobal bazarda neft qıtlığı olması məsələsi OPEC və EİA-nın yeganə ortaq fikri olaraq qaldı.

Onların gələcəyə baxışları isə diametral şəkildə bir-birlərindən fərqli oldu və həftə ərzində bu iki beynəlxalq təşkilat rəhbərlərinin mətbuata açıqlamalarından bu ziddiyyətlərin “barışmaz həddə” çatması müşahidə edildi. OPEC bu həftə İEA-nın “ənənəvi enerji daşıyıcılarına olan tələbin 2030-cu ilə qədər pik həddə çatacağı və bundan sonra istehlakın azalması” ilə bağlı açıqladığı proqnozuna kəskin reaksiya verərək bu cür proqnozların faktlara deyil, ideologiyaya əsaslanan “son dərəcə riskli” addım kimi qiymətləndirib.

OPEC bəyan edib ki, EİA-nın mütəmadi səsləndirilməyə başladığı ənənvi enerji daşıyıcılarına investisiyaların dayandırılması çağırışları dünyanın enerji tələbatının stabil təminatını poza bilər və qlobal bazarlarda hətta xaosa da gətirib çıxara bilər.

Amma İEA rəhbəri Fatih Birol hesab edir ki, təkcə dünyada iqlim dəyişmir, həm də dünya iqtisadiyyatının strukturu dəyişir və bu dəyişmə enerjiyə olan münasibəti də dəyişir: daha çox ölkələr enerjidən qənaətcil texnologiyaları istifadə etməyə başlayır, bu texnologiyalar enerjitutumlu iqtisadiyyatdan uzaqlaşmağa gətirib çıxaracaq və nəticədə ənənəvi enerjinin istehlakı da azalmağa meyllənmiş olacaq.

Fatih Birol bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artımını misal çəkərək “biz ənənəvi yanacaq dövrünün sonunun başlanğıcını görürük və növbəti dövrə hazırlaşmalıyıq” deyə siyasətçilərə enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçmək çağırışı edib.

Əslində biz bu iki təşkilatın bazarlara təsir uğrunda mübarizəsindən onu görürük ki, iqtisadiyyatı resurslardan asılı ölkələrlə inkişaf etmiş ölkələr arasında dünyanın yeni DÜZƏNİNİN çözülməsi yönümündə atılan yolda maraqlar uğrunda mübarizə başlayır.

Onun sonu necə olacaq indidən demək çətindir, amma Rusiya-Ukrayna müharibəsinin yekunu hesab edirəm ki, qlobal əhəmiyyət daşıyan bir çox məsələlərə aydınlıq gətirəcək.

Neft statistikası. Azərbaycan Dövlət Statistika Komitəsinin aylıq hesabatından məlum oldu ki, 2023-cü ilin yanvar-avqust aylarında ölkədə 20 milyon 147,6 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,6% azdır. Yəni nə az, nə çox təqribən 10 milyon barel.

Bu isə hiss ediləcək bir göstəricidir və bir faktı da nəzərə alsaq ki, hazırda Azərbaycan neftinin orta qiyməti ötən ildəkindən azdır, onda gəlirlərimizin də cari ildə hiss ediləcək dərəcədə azalması qaçılmaz olacaq.

Və onu “Şahdəniz” qazının nisbətən artan gəlirləri ilə də kompensasiyay etmək çətin olacaq. AÇG-nin gəlirləri. "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2023-cü ilin yanvar-avqust aylarının yekunu olaraq Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 4 milyard 728 milyon dollar vəsait daxil olub.

Ötən ilin ilk 8 ayında isə bu göstərici 6 milyard 629 milyon dollar idi. Yəni hasilatın azalması və neft qiymətlərinin də ötən illə müqayisədə daha aşağı həddə olması Azərbaycan dövlətinə AÇG layihəsindən çatmalı olan mənfəətin 28,7% və ya 1 milyard 901 milyon dollar azalmasına gətirib çıxarıb. Bununla belə, indiyə qədər Azərbaycan dövləti AÇG layihəsindən 168 milyard xalis mənfəət əldə edib. Bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat katibi Tamam Bayatlı bəyan edib.

AÇG layihəsinin operatoru olan BP şirkəti isə hasilatın azalmasının qarşısını almaq üçün 2023-cü ilin oktyabr ayında "Azəri Mərkəzi Şərqi” platformasından ilk hasilat quyusunun qazılmasına başlamağı ümid edir. BP şirkəti yeni platformadan ilk nefti 2024-cü ilin əvvəlində əldə etməyi planlaşdırır. Layihə üzrə əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla BP şirkəti AÇG blokundan gündə 100 min barelə qədər neft və 350 min standart kubfut səmt qazı hasil etməyi planlaşdırır.

Neft ixracı.

Azərbaycan Dövlət Gömrük Komitəsi 2023-cü ilin yanvar-avqust aylarında gömrük bəyannamələri əsasında 18 milyon 506,4 min ton neftin ixrac edildiyini açıqlayıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,9% çoxdur.

Hesabat dövründə Azərbaycandan 11 milyard 234 milyon 779,76 min dəyərində neft ixrac edilib və nəticədə Komitə 18,1% azalma qeydə alıb. 2023-cü ilin yanvar-avqust aylarında ixracın ümumi strukturunda neftin payı 46,13% (2022-ci ilin müvafiq dövründə 52,29%) təşkil edib. Hesabat dövründə 20 ölkə Azərbaycan neftinin alıcısı olub.

Bəs reallıqda Azərbaycan nə qədər neft ixrac edib?

Bunun üçün Azərbaycan Respublikası Energetika nazirliyinin məlumatlarına müraciət edək. Nazirliyin cari ilin 8 ayının yekunları ilə bağlı açıqladığı məlumatda bildirilir ki, Azərbaycan xarici bazarlara 17 milyon ton neft (kondensatla birlikdə) ixrac edib. Yəni Gömrük Komitəsi sayğaclar əsasında ixrac edilən neft həcmlərindən (Energetika Nazirliyi məhz sayğac göstəriciləri əsasında olan faktiki ixrac həcmlərini açıqlayır) 1,5 milyon ton çox neft həcmini öz statistikasına daxil edib. Bu həcmlər isə ötən ildə bəyan edilməmiş həcmlər hesabına əldə edilib.

Neft tranziti.

Azərbaycan Dövlət Statistika Komitəsi 2023-cü ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 20 milyon 149,8 min ton neft nəql edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6% çoxdur. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 76,2%-i BTC ilə daşınıb. Cari ilin yanvar-avqust aylarında BTC kəməri ilə nəql edilmiş neftin 83,5%-ni və ya 16 milyon 834,5 min tonunu (artım 5,3%) Azərbaycanda hasil edilən neft, 16,5%-ni və ya 3 milyon 315,3 min tonunu (artım 10% ) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Amma bizim yerli statistikamız əsasında tranzit neftin hansı ölkədən nə qədər daşınması qeyd edilmir. Amma Qazaxıstan tərəfinin açıqlamasından məlum olur ki, yanvar-avqust aylarında Aktau limanından BTC ilə nəql edilmək üçün 838 min ton Azərbaycana göndərilib. Demək, BTC ilə cari ilin əvvəlindən nəql edilən tranzit neftin təqribən 2,48 milyon tonu Türkmənistanın payına düşüb.

Maye qaz ticarəti.

Bu həftə “SOCAR Trading” şirkəti (SOCAR-ın 100%-lik törəməsi) Asiyada artan tələbatı ödəmək məqsədilə Sinqapurda maye təbii qaz (LNG) ticarətinə başladığını elan edib.

Bu barədə “Reuters” agentliyi “SOCAR Trading” şirkətinin baş direktoru Məryəm Almaszadəyə istinadən xəbər verib ki, SOCAR həmçinin bütün Asiya üzrə LNG-dən elektrik enerjisi istehsalı üzrə layihələrə yatırım imkanını nəzərdən keçirir.
Onun sözlərinə görə, qaz qiymətləri ucuzlaşdıqca Asiyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə LNG alıcıları fəaliyyətlərini genişləndiriblər. Bu il idxal terminallarının açılışı ilə Vyetnam və Filippin dünya LNG bazarının ən yeni iştirakçıları olub. «Biz gələcəyimizi keçid enerjisində görürük», deyə Almaszadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin