Payız depressiyasından necə XİLAS olaq? – Nevropotoloqdan AÇIQLAMA

Hazırda oxunan: Payız depressiyasından necə XİLAS olaq? – Nevropotoloqdan AÇIQLAMA

155174

“Hazırda, elə bir fəsildəyik ki, ən həyat dolu insanlar belə depressiyanın geniş yayılmış növündən – mövsümi və ya payız depressiyasından sığortalanmayıblar.

Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur.Qısalmış günlər, tutqun hava, boz təbiət... Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir”.

Bu sözləri Bizim.Media-ya tanınmış həkim-nevropatoloq Qalib Əsədov qeyd edib. Onun sözlərinə görə payız depressiyası əhvalın dəyişkən olması, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəkət aktivliyinin tormozlanması ilə xarakterizə olunan psixoemosional vəziyyətdir:

“Payız depressiyasına məruz qalan insan həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur və məmnunluq hissini itirir. Bəs görəsən, payız depressiyasının səbəbi nədir? Bu daha çox psixoloji olaraq depressiyaya meyilli olan insanlarda olur.

Depressiyanı ümumiyyətlə, biz daha çox soyuq aylarda müşahidə edirik. Ümumilikdə, orqanizm də istiyə öyrəşir və adaptasiya olunur. Amma o mühitdən başqasına keçəndə bir az deqradasiya formasında depressiya yaranır.

Payızda günəş şüalarının azalması orqanizmdə melatonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval ruhiyyə aşağı düşür. Lakin, hər günün özünün maraqlı enerjiverici tərəfləri var, günəş oldu-olmadı...

Ümumiyyətlə, belə hallarda qidalanmaya da diqqət etmək lazımdır. Kalorili yeməklər yemək lazımdır”. Həkim qeyd edib ki, əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən təkcə havaların pisləşməsi deyil:

“Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın korlanması “bioloji saatların” pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu gecə saat 03:00-da olmalıdır.

Buna görə də, onlar səhərlər çətin oyanır və gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir.

Başqa bir yanaşmaya görə isə pis əhvala və enerjinin azalmasına cavabdeh olan melatonin hormonunun artması və nəticədə də “xoşbəxtlik hormonu” serotoninin azalması payız depressiyasına səbəb olur. Məlumdur ki, heyvanlarda da yuxu və oyaqlıq dövrü melatoninin ifrazı ilə tənzimlənir.

Melatonin yalnız qaranlıqda ifraz olunur və işığa qarşı çox həssasdır. Buna görə də yayda gecələr qısa olduğu üçün melatonin ifrazı azaldığı halda uzun qış gecələrində onun ifrazı artır”.

Nevropotoloq onu da əlavə edib ki, fizioloji səbəblərdən başqa payız depressiyasının psixoloji səbəbi də var:

“Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də, həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünə inamsızlıq, əhvalsızlıq yaradır.

Bütün bunlardan əlavə isə xroniki streslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin