TERROR mərkəzlərinə çevrilən “BOZ ZONA”LAR – Dünya təcrübəsini Qarabağda tətbiq etmək MÜMKÜNDÜRMÜ?

Hazırda oxunan: TERROR mərkəzlərinə çevrilən “BOZ ZONA”LAR – Dünya təcrübəsini Qarabağda tətbiq etmək MÜMKÜNDÜRMÜ?

155139

Qlobal güclər öz strateji maraqlarını reallaşdırmaq üçün müxtəlif vasitə və üsullardan istifadə edirlər.

Həmin üsullardan biri də “boz zona”lardır.

“Boz zona” nədir?

“Boz zona”lar bir qayda olaraq müxtəlif ölkələrin ərazisində yaradılır və oranın idarəçiliyi xarici güclərin əlində olur. Xarici güclər “boz zona”lardan həm narkotrafik, həm də lokal müharibələri istənilən vaxt alovlandırmaq üçün istifadə edirlər.

“Boz zona” siyasi baxımdan belə izah olunur: Dövlət və qeyri-dövlət qüvvələrinin mübarizəsində sülh və müharibə məkanı arasındakı ərazidir. Burada qeyri-dövlət qüvvələri dövlət və milli təhlükəsizliyə açıq təhdid yaradır, ölkə qanunvericiliyinə tabe olmaqdan imtina edir və silahlı qarşıdurmaya gedirlər.

“Boz zona”lar qara məqsədlər üçün necə istifadə olunur?

Tarixdə “boz zona” ilk dəfə ingilislər tərəfindən yaradılıb. Belə ki, Şimalı İrlandiyanı öz idarəçiliyinə salmaq üçün XVI əsrdə ingilislərin bu ərazilərə köçü başladı. Yerli əhali isə ingilislərin gəlişinə kəskin etiraz edirdilər.

Belə olan təqdirdə ingilislər təxribatlara əl atdı və protestantlarla katolikləri üz-üzə qoydu. Beləcə, eyni millətdən və eyni dinin daşıyıcısı olan insanlar arasında qarşıdurma başladı. Bu münaqişə bir neçə əsr davam etdi.
Münaqişənin davam etdiyi müddətdə isə ingilislər Şimali İrlandiyanın bütün sərvətlərini ələ keçirdi. Hətta rəsmi dil ingilis dili oldu. Bu münaqişə boyu 3524 nəfər həyatını itirdi. Nəhayət, irland dili ingilis dili ilə əvəz olundu və 1801-ci ildə İrlandiya Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının bir hissəsi oldu.

Münaqişənin formal sona çatması isə 1998-ci il aprelin 10-u, Belfast sazişinin imzalandığı gün hesab edilir. Boz əsr Tarixdə ən çox boz zonalar XX əsrdə yaradılıb. ABŞ və SSRİ-nin dünyanı idarəetmək uğrunda mübarizəsində həm Cənubi Amerikada, həm Asiyada, həm də Afrikada bir çox ölkələrin ərazisində “boz zona”lar yaradıldı.

Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılmasından sonra Rusiya keçmiş İttifaq ölkələrində öz təsir imkanlarını saxlamaq üçün bir çox dövlətlərin ərazisində “boz zona”lar yaratmağa nail oldu.

Moldova, Gürcüstan, Azərbaycan və Ukrayna uzun illər ərazilərindəki “boz zona”lardan əziyyət çəkib. Ötən əsrin 90-cı illərində Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi. Bu işğal əslində rus ordusunun birbaşa köməkliyi ilə reallaşmışdı.

Sonrakı 30 ildə erməni separatçıları Azərbaycanın işğal olunmuş ərazilərində hansısa bir qurumun davamlı fəaliyyətinə imkan vermədi. Bu dövrdə, Qarabağ ərazisindən həm narkotrafik üçün istifadə edildi, həm də bundan Azərbaycana qarşı təzyiq aləti kimi yararlandılar.

“Boz zona” yaşıllaşır... 44 günlük müharibədən sonra mənzərə 180 dərəcə dəyişdi. Azərbaycan öz şərti dövlət sərhədlərinə nəzarəti ələ keçirəndən sonra “boz zona”nın fəaliyyətin ləğv edilməsə də lokallaşdırıldı. İndi artıq Qarabağ Beynəlxalq narkotrafikin əsas habları siyahısından çıxarılıb.
Amma ermənilərin “əl izləri” bu ərazilərdə hələ də qalmaqdadır. Son 3 ildə Azərbaycanın xüsusi xidmət orqanları işğaldan azad olunmuş ərazilərdə hektarlarla narkotik sahələri aşkar edib və məhvinə nail olub. Amma Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsi siyasi-hərbi aspektdən “boz zona” kimi qalmağa davam edir.

Qarabağın “boz zona” kimi qalmasında kimlər maraqlıdır?

Əslində, 10 noyabr Bəyanatına əsasən ən qısa zamanda Qarabağdakı silahlı erməni birləşmələri ləğv olunmalı idi. Ən əsası Xankəndidəki ermənilərin Azərbaycana reinteqrasiyası aparılmalı idi. Lakin, son 3 ildə bu öhdəliklərin heç biri baş vermədi.

Əksinə, Rusiya sülhməramlıları erməni silahlı birləşmələri ilə əməkdaşlıq etdi. Ən əsası ermənilərin Azərbaycana reinteqrasiyasına açıq şəkildə əngəl törədildi. Rusiyanın son vaxtlar bölgədə zəifləyən nüfuzu fonunda Qərb fəallaşıb. ABŞ və Fransa da Azərbaycanın ərazisində “boz zona”nın saxlanmasına çalışır. Sadəcə, “əli” dəyişmək istəyirlər. Yəni son 30 ildə “boz zona”nın idarəçiliyi Rusiyanın əlində idisə, indi bu statusa Qərb sahib çıxmaq istəyir.
Ona görə də Xankəndidəki azsaylı ermənilərə hər cür “yardım”ı göstərirlər. Baş verən son hadisələr göstərir ki, ABŞ və Fransa da Ermənistanla Azərbaycan arasında sülh sazişin imzalanmasını nəinki istəmir, eləcə də Xankəndidəki ermənilərin Azərbaycana reinteqrasiyasına hər vasitə ilə əngəl olur.

Dünya praktikasında “boz zona”ların “ağardılması” üçün 2 əsas metoddan istifadə olunur:

1. Bölgədəki silahlıları zərərsizləşdirmək;

2. “Boz zona”da yaşayan əhalini təşkilatlandırmaqla sosial mübarizə aparmaq.

Qarabağda ikinci metodun reallaşması real görünmür. Çünki yerli əhali faktiki olaraq separatçıların girovuna çevrilib. Eyni zamanda onların əksəriyyəti Azərbaycana reinteqrasiyada da maraqlı deyillər.

Belə olan halda bir çıxış yolu qalır: Antiterror əməliyyatları.

44 günlük müharibədən artıq 3 ilə yaxın vaxt keçib. Təcrübə onu göstərdi ki, nə sülhməramlılar terrorçuları tərk-silah edəcəklər, nə də separatçılar öz xoşları ilə təslim olmağa razılaşacaqlar. Ona görə də Azərbaycanın Qarabağın sülhməramlıların nəzarətində olan hissəsini terrorçulardan təmizləməsi artıq zərurətə çevrilib.

Sonrakı mərhələdə isə bu ərazidə yaşayan əhali ilə reinteqrasiya prosesinə start verilməsi və bölgənin inkişafı üçün müvafiq addımların atılması labüddür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin