İranlı həkim Bakıda xəstələrə narkotik tərkibli dərman VERİRMİŞ 

Hazırda oxunan: İranlı həkim Bakıda xəstələrə narkotik tərkibli dərman VERİRMİŞ 

154981

Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seıf Bargihı Tohıd Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, iranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib. 

Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlama, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində Bakıdan çıxması qadağan edilməsi şərti ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 

Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FİFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında (“İran klinikası”) ortoped həkim kimi işləyir. Professor hər ay 7-10 gün ərzində Azərbaycana gələrək, “İran klinikası”nda xəstələri müayinə və müalicə edib. 

Seıf Bargihı Tohıd Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib. 

O, ifadəsində narkotik tərkibli vasitələri və dərmanları müalicə məqsədilə tətbiq etdiyini bildirib: “Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm.
Bakıdakı pasiyentlərimdən birində “Parkinson” xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığına görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə söhbət etdim. Tövsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitələrindən istifadə olunmalıdır.

Dediyim kimi, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub”. 

İttiham olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etdirdiyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib. 

Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib. 

Hökmə əsasən Seıf Bargihı Tohıd Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin